Bakı. Trend:
30 aprel - 2 may 2025-ci il tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Nepalda səfərdə olub.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər zamanı Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Nepal Prezidenti Ramçandra Paudel, həmçinin Baş nazir Şarma Oli tərəfindən qəbul edilib.
Nazir müavini Elnur Məmmədovun Nepalın xarici işlər naziri Arzu Rana Deuba ilə də ikitərəfli görüşü keçirilib.
Görüşlərdə Nepal tərəfi Azərbaycan hökumət missiyasını yüksək
qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi ilə Nepal Xarici İşlər Nazirliyi arasında ilk siyasi
məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan
tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı
tərəfdən isə Nepal xarici işlər katibi Amrit Bahadur Rai rəhbərlik
ediblər.
Siyasi məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli siyasi
əlaqələrin inkişaf etdirilməsi, iqtisadi-ticarət, enerji, turizm,
kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı
vəziyyəti və perspektivləri müzakirə olunub.
İki ölkə arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq müsbət
dəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstək
fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Hökumət missiyasının üzvləri olan Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm
Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların
Təşviqi Agentliyi - AZPROMO ilə Nepalın müvafiq dövlət qurumları
arasında dəyirmi masa ətrafında görüş keçirilib və əməkdaşlıq
imkanları müzakirə edilib. Nepal İnvestisiya İdarəsində baş tutan
dəyirmi masada Azərbaycan dövlət qurumlarının nümayəndələri geniş
təqdimatla çıxış ediblər.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Nepalda fəaliyyət
göstərən Asiya Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutu
(AIDIA) tərəfindən təşkil edilən, ölkənin nüfuzlu ictimai-siyasi
xadimlərinin, beyin mərkəzlərinin rəhbərlərinin, müxtəlif dövlət və
qeyri-hökumət qurumlarının nümayəndələrinin, ekspertlərin qatıldığı
tədbirdə “Azərbaycanın xarici siyasəti: çağırışlar və imkanlar”
mövzusunda mühazirə ilə çıxış edib və auditoriyanın suallarını
cavablandırıb.