...

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi: Şuşa Bəyannaməsi – sarsılmaz qardaşlığın rəmzi

Siyasət Materials 13 İyun 2025 16:16 (UTC +04:00)
Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi: Şuşa Bəyannaməsi – sarsılmaz qardaşlığın rəmzi

Bakı. Trend:

2021-ci il 15 iyun tarixi Azərbaycan və Türkiyə münasibətləri üçün yeni bir mərhələnin əsasını qoydu. Həmin gün, Azərbaycanın mədəniyyət paytaxtı, işğaldan azad edilmiş Şuşa şəhərində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanaraq, iki dövlətin sarsılmaz qardaşlıq münasibətlərinin hüquqi-siyasi təməlini daha da möhkəmləndirdi. Bu sənəd, təkcə strateji əməkdaşlığın yeni mərhələsini deyil, həm də türk dünyasının ortaq gələcəyinə olan inamın və siyasi iradənin təcəssümüdür. Şuşa Bəyannaməsinin ruhunu və fəlsəfəsini izah edən əsas amillərdən biri, sənəddə əks olunan tarixi kəlamlardır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu Bəyannamə “xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin kəlamlarına əsaslanır.” XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir.” XX əsrin sonlarında isə Ümummilli Lider Heydər Əliyev bəyan etmişdi: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir.” Bu ifadələr, iki qardaş xalqın ortaq dəyərlərini Şuşada hüquqi sənədə çevrilmişdir. Şuşa Bəyannaməsi beynəlxalq müstəvidə güclü siyasi mesaj daşıyır. Bu sənəd, Azərbaycan və Türkiyə arasında sarsılmaz müttəfiqliyin bütün dünyaya bəyan olunması kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, sənədin imzalanması məhz Şuşada – Azərbaycanın qəhrəmanlıq və qurtuluş rəmzinə çevrilmiş şəhərində baş tutmuşdur. Bu, təkcə azadlıq və suverenlik ideallarının təntənəsi deyil, həm də Türk dünyasının birlik və həmrəyliyinin güc rəmzidir. Bəyannamə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərini çoxşaxəli şəkildə əhatə edir. Burada siyasi, iqtisadi, müdafiə, enerji təhlükəsizliyi, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi öz əksini tapmışdır. Bu sənədin ən önəmli xüsusiyyətlərindən biri, ikitərəfli münasibətlərin strateji xarakter daşımasını hüquqi və praktiki əsaslara söykəndirməsidir.

Şuşa Bəyannaməsində xüsusi yer tutan məsələlərdən biri də Zəngəzur dəhlizidir. Bu dəhliz regionun iqtisadi xəritəsini dəyişdirəcək, Türkiyə ilə Azərbaycan arasında nəqliyyat-kommunikasiya əlaqələrini daha da gücləndirəcək. Eyni zamanda bu layihə, Türk dünyasının coğrafi inteqrasiyası üçün mühüm bir mərhələ hesab olunur. Şərqdən Qərbə uzanan bu dəhlizlə təkcə Azərbaycan və Türkiyə deyil, bütövlükdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr bir-birinə daha yaxın olacaqdır.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığını yeni səviyyəyə çıxarmışdır. Müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi və zərurət yarandıqda qarşılıqlı hərbi yardım mexanizmlərinin işə salınması sənəddə əksini tapmışdır. Bu, yalnız regional təhlükəsizliyin deyil, həm də ölkələrin suveren hüquqlarının qorunmasına yönəlmiş mühüm addımdır. İkinci Qarabağ müharibəsində qardaş Türkiyənin siyasi və texnoloji dəstəyi bunun bariz nümunəsidir.

Bəyannamə, Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirən mühüm bir sənəddir. İki ölkə arasında strateji əməkdaşlığın təsbit olunması, regional və beynəlxalq təşəbbüslərdə birlikdə çıxış etməyə imkan verir. Xüsusilə enerji layihələri, logistika və kommunikasiya sahəsində həyata keçirilən birgə layihələr regionda sabitlik və inkişaf üçün əhəmiyyətli zəmin yaradır.

Sənəddə xarici siyasət sahəsində əlaqələndirmə və müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanır. Azərbaycan və Türkiyə bu gün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyən, vahid mövqedən çıxış edən dövlətlər kimi tanınır. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində bu istiqamətdə atılan addımlar, dövlətlərin müstəqil xarici siyasət kursuna verdiyi önəmi əks etdirir.

Şuşa Bəyannaməsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı sərmayə yatırımları, ticarət əlaqələrinin genişləndirilməsi xüsusi qeyd olunur. İkitərəfli iqtisadi münasibətlər milli iqtisadiyyatların şaxələndirilməsinə, rəqabət qabiliyyətinin artırılmasına və sosial rifahın yüksəlməsinə xidmət edir. Şuşa və ətraf bölgələrin turizm, logistika və kənd təsərrüfatı potensialı yaxın gələcəkdə bu əməkdaşlıq çərçivəsində reallaşdırılacaq.

Bəyannamə həmçinin media və diaspor sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Xaricdə yaşayan türk və azərbaycanlı icmalar arasında informasiya mübadiləsinin artırılması, birgə media platformalarının yaradılması və beynəlxalq müstəvidə ortaq diplomatik səylərin gücləndirilməsi vacib istiqamətlərdəndir. Bu, həm də dezinformasiyaya qarşı birgə mübarizə üçün effektiv vasitə rolunu oynayacaqdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsində 1921-ci ildə imzalanmış Qars müqaviləsinə edilən istinad sənədin rəmzi və tarixi əhəmiyyətini daha da artırır: “Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

Şuşa Bəyannaməsi eyni zamanda Ermənistandakı revanşist dairələrə və regional təxribatçı qüvvələrə ciddi siyasi ismarışdır. Türkiyə bu sənədlə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş hər hansı cəhdə qarşı açıq şəkildə dəstəyini ifadə edir. Bu, regionda sülh və sabitliyin təmin olunması üçün mühüm təminatdır.

Şuşa Bəyannaməsinin imzalanmasının ildönümləri də artıq beynəlxalq əhəmiyyətli tədbirlərlə qeyd olunur. 2022-ci ildən etibarən hər il iyunun 15-də Şuşada beynəlxalq konfranslar təşkil edilir. “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir”, “Qurtuluşdan Zəfərə” və “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” kimi mövzular Bəyannamənin təkcə siyasi sənəd deyil, həm də regional və qlobal dialoq platformasına çevrildiyini göstərir.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni bir dövrün başlanğıcı, ortaq gələcəyə yönəlmiş strateji yol xəritəsidir. Bu sənədin hər bir bəndi tarixi təcrübəyə, qardaşlıq dəyərlərinə və ortaq maraqlara əsaslanır. Bəyannamə vasitəsilə Azərbaycan və Türkiyə təkcə bir-birinə deyil, bütövlükdə regiona və dünyaya sülh, əməkdaşlıq və inteqrasiya çağırışı edirlər. Bu çağırışın əsasında isə sarsılmaz qardaşlıq, qarşılıqlı hörmət və ortaq gələcək üçün iradə dayanır.

Şahin Seyidzadə,
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti