Bakı. Trend:
ABŞ İranın nüvə obyektlərinə hücum edərək beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub.
Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi deyib.
Onun sözlərinə görə, ABŞ-nin İranın nüvə obyektlərinə hücumunun "uzunmüddətli nəticələri olacaq".
"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ İranın dinc nüvə obyektlərinə hücum edərək BMT Nizamnaməsini, beynəlxalq hüququ və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni kobud şəkildə pozub. Bu səhər baş verən hadisələr dəhşətlidir və uzunmüddətli nəticələrə səbəb olacaqdır", - deyə bildirib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.