Bakı. Trend:
İyulun 18-də “Bakı Ekspo Mərkəzi”ndə “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsinə start verilib.
Trend xəbər verir ki, açılış mərasimində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, maliyyə naziri Sahil Babayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, gənclər və idman naziri Fərid Qayıbov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, qaliblər, media nümayəndələri və finalçılar iştirak ediblər.
Açılış mərasimində çıxış edən qonaqlar “Yüksəliş” müsabiqəsinin ölkədə idarəetmə potensialına malik, peşəkar və perspektivli kadrların seçilməsi və inkişafında oynadığı mühüm rolu vurğulayıblar.
Qeyd edilib ki, 2019-cu ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Yüksəliş” müsabiqəsi bu gün artıq milli insan kapitalı siyasətinin mərkəzi alətlərindən birinə çevrilib. Bu təşəbbüs idarəetmə sahəsində davamlı inkişafa xidmət edir, sistemli qiymətləndirmə və inkişaf mexanizmləri ilə insan kapitalının effektiv istifadəsinə şərait yaradır.
Açılışda əvvəlki illərin qaliblərinin bu gün müxtəlif sahələrdə mühüm vəzifələr daşıdıqları və təşəbbüsləri ilə praktiki nəticələr ortaya qoyduqları da bildirilib. Beşinci mövsümün final mərhələsi də bu konseptin davamı kimi dəyərləndirilib və müsabiqənin ölkə üçün strateji əhəmiyyəti bir daha önə çəkilib.
Müsabiqənin builki konsepti Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqələndirilib. Eyni zamanda, 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin beşinci ildönümü və “Yüksəliş” müsabiqəsinin beşinci mövsümü eyni ilə təsadüf edir.
Qeyd edək ki, final mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük təlim proqramı təşkil olunub.
Təlimlərə 55 ekspert cəlb edilib. Onlar real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar üzərindən iştirakçıların bacarıqlarını qiymətləndirməklə yanaşı, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə də ətraflı məlumatlandırılıblar.
Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı”(Assessment Conference) metodu ilə həyata keçirilir. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır.
Final mərhələsində iştirakçılar “İdarəçi rollar modeli” üzrə fərqli situasiyaları həll etməklə öz bilik və idarəetmə bacarıqlarını nümayiş etdirəcək.
Üç gün davam edəcək bu mərhələdə əvvəlki dörd mərhələni uğurla tamamlayan 124 iştirakçı mübarizəyə qatılıb. Final mərhələsi 20 iyul tarixində başa çatacaq və ölkənin ən istedadlı kadrları arasında növbəti qaliblər müəyyən olunacaq. Bununla da, beşinci “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.