Bakı. Trend:
ABŞ-nin Mərkəzi Asiya və Cənubi Qafqazda yeni strategiyası diplomatik təşəbbüsləri iqtisadi və enerji alətləri ilə birləşdirərək, ticarət və investisiyanın təşviqinə şərait yaradır.
Trend xəbər verir ki, bunu bu gün “New Lines Institute”un analitik inkişaf və tədris üzrə baş direktoru Yucin Çausovski Bakıda keçirilən Azərbaycan-ABŞ beyin mərkəzlərinin I forumunda deyib.
Onun sözlərinə görə, ABŞ xarici siyasətində tranzaksiya yönümlü yanaşmanı fəal şəkildə tətbiq edir, diplomatik səyləri iqtisadi alətlərlə, o cümlədən strateji sahələr üçün xüsusi əhəmiyyət kəsb edən kritik minerallara və enerji resurslarına çıxış imkanları ilə birləşdirir.
"Hazırda biz, ABŞ-nin iqtisadi və diplomatik fəaliyyətinin strateji sahələr üçün kritik minerallara və enerji resurslarına çıxışı təmin etməyə imkan verdiyini, həmçinin investisiya və regional ticarət üçün yeni imkanlar açdığını görürük", - deyə Çausovski vurğulayıb.
O, həmçinin diplomatiyanın iqtisadi alətlərlə birləşdirilməsinin rolunu qeyd edib: “Diplomatik təşəbbüslər iqtisadi alətlərlə, o cümlədən kritik minerallara və enerji resurslarına çıxış imkanları ilə dəstəkləndikdə, region ölkələrinə ABŞ-nin əməliyyat yönümlü strategiyasından öz xeyirlərinə istifadə etməyə şərait yaradır”.
Ekspert əlavə edib ki, belə bir strategiya regional münaqişələrin aradan qaldırılmasına və Mərkəzi Asiyanın uzunmüddətli iqtisadi inkişafı və qlobal ticarət şəbəkələrinə inteqrasiyası üçün lazımı şəraitin yaradılmasına xidmət edir.
