Bakı. Trend:
3 dekabr tarixində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Aparıcı Universitetlər Tərəfdaşlıq Şəbəkəsinin (AUTŞ) Koordinasiya Şurasının sədri olaraq, ADA Universitetinin təşkil etdiyi “Yaşıl Enerji və Dayanıqlılıqda Universitetlərin Rolu” adlı beynəlxalq konfrans çərçivəsində, Azərbaycan Respublikasının Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi Nümayəndəliyin baş məsləhətçisi Şamxal Muxtarov və Azərbaycan Respublikasının Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Xüsusi Nümayəndəliyin baş məsləhətçisi Nərgiz Qaracayeva çıxış edərək işğaldan azad olunan ərazilərdə davamlı inkişaf və dayanıqlılıq istiqamətində görülən işlər, o cümlədən ağıllı kənd konseptləri barədə məlumat veriblər.
Paneldə həmçinin, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ADA Universiteti tərəfindən 2025-ci ilin sentyabr ayından etibarən birgə həyata keçirilən “İşğaldan azad olunmuş ərazilərə köçürülmüş keçmiş məcburi köçkün ailələrinin sosial-iqtisadi profilinin tədqiqatı üzrə sorğu” layihəsinin nəticələri nümayiş etdirilib. “Yaşıl və Dayanıqlı Bərpa: Azərbaycan Təcrübəsi” adlı paneldə ADA Universitetinin tədqiqat qrupu tərəfindən Ağdam, Füzuli, Şuşa və Zəngilanda keçmiş məcburi köçkünlərlə aparılan sorğunun nəticələri əsasında onların sosial-iqtisadi ehtiyacları, dayanıqlı inkişaf istiqamətində tövsiyələr, innovativ yanaşmalar və gələcək perspektivlər təqdim olunub.
Qeyd edək ki, ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutu (IDD), Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) və AQEM-in tərəfdaşlığı ilə 2-3 dekabr tarixlərində həyata keçirilən konfransda ev sahibi - Azərbaycan, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Çin Xalq Respublikası, Fələstin, Hindistan, İordaniya, İraq, İran, İsrail, Koreya Respublikası, Qazaxıstan, Qırğızıstan Respublikası, Misir, Özbəkistan, Pakistan, Rusiya, Tacikistan, Tailand, Türkiyə və Vyetnam da daxil olmaqla 21 üzv ölkədən 50-dən çox professor, tədqiqatçı, ekspert və universitet nümayəndəsi iştirak edir.