Bakı. Trend:
Avropa Komissiyası Tbilisiyə qarşı sanksiyalar çərçivəsində gürcü diplomatlar üçün vizasız rejimin dayandırılması proseduruna başlayıb, qərarın yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Markus Lammert bəyanat verib.
“Avropa Komissiyası ötən ay diplomatik pasport sahibləri və onların ailə üzvlərinə münasibətdə vizasız rejimin dayandırılması prosesini başladıb. Aİ ölkələri artıq bu qərara müsbət qiymət veriblər. İndi Avropa Komissiyası növbəti addımları ata biləcək və biz bu barədə yaxın vaxtlarda məlumat verəcəyik”, – deyə Avropa Komissiyasının nümayəndəsi Markus Lammert Brüsseldə keçirilən brifinqdə gürcü diplomatlar üçün vizasız rejimin bloklanması ilə bağlı suala cavabında bildirib.
Aİ-nin Xarici siyasət bölməsinin nümayəndəsi Ənvər Əl-Anuni həmin brifinqdə Gürcüstanı demokratik normalardan uzaqlaşmaqda ittiham edib.
