...

İranın xarici işlər naziri Azərbaycana birinci rəsmi səfərinin yekunlarını müsbət qiymətləndirib

Siyasət Materials 29 Noyabr 2005 16:32 (UTC +04:00)

Bazar ertəsi axşam İran İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Mottakinin Azərbaycana ilk rəsmi səfəri başa çatıb. Trend in İRNA agentliyinə istinadən xəbər verdiyi kimi, o, birgünlük səfərinin yekunlarını müsbət qiymətləndirib. Xatırladaq ki, səfər zamanı o, prezident İlham Əliyev, XİN başçısı Elmar Məmmədyarov və Milli Məclisin sədri Murtuz Ələsgərovla görüşüb.

Diplomat bəyan edib ki, "İran-Azərbaycan münasibətləri qarşılıqlı anlaşma və hörmət, həmçinin, ümumi maraq üzərində qurulub".

Onun sözlərinə görə, İranla Azərbaycan arasında mövcud qardaş və dostluq münasibətləri hər hansı bir dövlətə qarşı yönəlməyib.

"Ölkələrimiz xarici qüvvələrə onlar arasında qarşıdurma yaratmağa imkan verməyəcək", - deyə M.Mottaki vurğulayıb.

Azərbaycan hökuməti ilə görüşlər və danışıqlar zamanı ikitərəfli və beynəlxalq xarakterli bir çox məsələlərdə Azərbaycanla İranın mövqeyinin eyni olması vurğulanıb.

Nazirin sözlərinə görə, danışıqlar zamanı tərəflər xüsusilə energetika və NMR-in qazla təchizatı sahəsində layihələrin həyata keçirilməsinin sürətləndirilməsi ilə bağlı niyyətlərini bildirib.

"Səfər zamanı, həmçinin, Xəzərin hüquqi statusu məsələsinə baxılıb. İranla Azərbaycan danışıqların iki və beştərəfli formatlarda davam etdirilməsinin siyasi cəhətdən dəstəklənməsini təsdiq edib", - deyə İranın XİN başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti