...

Ramiz Rzayev: "2004-cü ilə nisbətən 2005-ci ildə Azərbaycanın məhkəmə orqanlarında çalışanların məvacibləri xeyli artırılıb"

Siyasət Materials 20 Fevral 2006 14:22 (UTC +04:00)

2004-cü ilə nisbətən 2005-ci ildə Azərbaycanın məhkəmə orqanlarında çalışanların məvacibləri xeyli artırılıb. Trend xəbər verir ki, bu sözləri fevralın 20-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında söyləyib.

R.Rzayev bildirib ki, 2004-cü ildə Ali Məhkəmənin büdcəsi 2.568.396.000 manat, o cümlədən, əmək haqqı fondu 1.346.235.000 manat müəyyən edildiyi halda, 2005-ci ildə Ali Məhkəmənin büdcəsi 7.005.235.000 manat, o cümlədən, əmək haqqı fondu 4.395.454.000 manat müəyyən edilib. Bu da bütövlükdə keçən ildəkindən 4.936.878.000 manat çoxdur.

Məhkəmə sədri Ali Məhkəmədə vur-tut 27 hakimin çalışdığını qeyd etməklə yanaşı bu rəqəmin həddindən artıq kiçik olduğunu vurğulayıb və söyləyib ki, hakimlərlə əlaqədar həyata keçirilən növbəti islahatlar zamanı Ali Məhkəmənin hakim korpusunda çalışanların da sayının artırılacağı nəzərdə tutulub.

Məhkəmə sədri həmçinin qeyd edib ki, ədalət mühakiməsinin yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə ölkə Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2005-ci il tarixli sərəncamı ilə Ali Məhkəmə üçün yeni, müasir inzibati binanın inşa edilməsi məqsədilə Bakıda geniş torpaq sahəsi ayrılıb. Ali Məhkəmə binasının gələcəkdə inşa ediləcəyi yer Xətai rayonu, Yusif Səfərov küçəsində fəaliyyəti dayanmış 28 may zavodunun ərazisidir.

Xəbər lenti

Xəbər lenti