...

Aydın Kərimov: "Milli QHT Forumuna üzvlük prosesi çətinləşib"

Siyasət Materials 17 Aprel 2006 17:12 (UTC +04:00)

Milli QHT Forumu 2005-ci ildə "Avrasiya" fondunun maliyyə dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən QHT-in monitorinqini keçirib. Trend xəbər verir ki, bu barədə Milli QHT Forumunun İdarə Heyətinin sədri Aydın Kərimov bildirib.

A.Kərimov qeyd edib ki, monitorinq nəticəsində 903 təşkilatın müntəzəm fəaliyyət göstərdiyi üzə çıxıb. Forumun rəsmisi onu da vurğulayıb ki, Milli QHT Forumunda 405 təşkilat təmsil olunur: "Azərbaycanda 3 mindən artıq QHT fəaliyyət göstərir. Onların hamısının forumda təmsil olunması mümkün deyil. Çünki tanınmış təşkilatların əksəriyyəti beynəlxalq təşkilatlarla əlaqələrini qurduğundan forumda təmsil olunmaq istəmirlər. Bəziləri isə forumu müxalifət, digəri isə iqtidar düşərgəsinə xidmət etməkdə ittihamladığından bizdə təmsil olmurlar".

A.Kərimov onu da bildirib ki, 2003-cü ildən foruma üzvlük prosesi bir qədər çətinləşib. Bu məsələ foruma üzv ola biləcək təşkilat qarşısında bir sıra məsuliyyət hissi yaradır: "Ümumiyyətlə dünyanın heç bir ölkəsində fəaliyyət göstərən bütün QHT-lər vahid mərkəzdə birləşmirlər". Forumun İdarə Heyətinin sədri onu da qeyd edib ki, foruma üzv olan hər bir təşkilat müstəqildir, onların daxili işlərinə qarışılmır: "Forum yalnız onların fəaliyyətini koordinasiya edir".

Xəbər lenti

Xəbər lenti