...

Novruz Məmmədov: Qarabağ problemi və İranın nüvə proqramı ətrafında böhran ABŞ və Azərbaycan prezidentlərinin diqqət mərkəzindədir

Siyasət Materials 26 Aprel 2006 13:23 (UTC +04:00)

Azərbaycan və ABŞ prezidentlərinin görüşünün əsas mövzusu Dağlıq Qarabağ problemi və İranın nüvə proqramı ətrafında böhran olacaq. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin "Zaman" qəzetinə müsahibəsində bəyan edib.

"Görüş zamanı 4 əsas istiqamətdə mübadilə aparılacaq: ikitərəfli münasibətlər, regional təhlükəsizlik və beynəlxalq terrorizm. Lakin gündəlikdəki ən mühüm məsələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqişəsi və İranın nüvə proqramı ətrafında böhran olacaq", -deyə N. Məmmədov bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı İranın nüvə proqramı ətrafında böhranın BMT və MAQATE çərçivəsində həllinin tərəfdarıdır. "Regionda onsuz da kifayət qədər problemlər mövcuddur. Azərbaycan heç vaxt İranın daxili işlərinə qarışmayıb və heç zaman qarışmaq arzusunda olmayacaq", -deyə prezident aparatının yüksək rütbəli nümayəndəsi bildirib və rəsmi Bakının İranın nüvə proqramı ilə bağlı böhranın dinc yolla həll olunması tərəfdarı olduğunu xatırladıb. "Biz böhranın dinc yolla həlli istiqamətində hərtərəfli yardım göstərməyə hazırıq", -deyə N. Məmmədov bəyan edib.

Bununla yanaşı, o, qeyd edib ki, Azərbaycanın yürütdüyü qarşılıqlı hörmət və mehriban qonşuluq siyasətinə baxmayaraq, Tehran Dağlıq Qarabağ probleminin həlli məsələsində ermənitərəf mövqe tutur. "İran Azərbaycan ərazilərinin işğalı faktını nəzərə almır və Ermənistanla islam dövlətləri ilə olduğundan daha sıx əlaqələrə malikdir. Unutmaq olmaz ki, əlaqələr qarşılıqlı hörmət əsasında inkişaf edir", -deyə N. Məmmədov qeyd edib.

Şöbə müdiri Vaşinqtonun Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi haqda da fikir söyləyib. "Digər dövlətlərin ərazisində problemli vəziyyətlər yaranan kimi ABŞ yubanmadan fəaliyyətə başlayır. Biz düşünürük ki, Azərbaycanla bağlı münasibətdə də bu cür həssaslıq nümayiş olunmalıdır",-deyə o bildirib.

N. Məmmədov bildirib ki, uzun illər ərzində səylərə baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri konkret irəliləyişlər əldə edə bilməyiblər."Biz inanırıq ki, Birləşmiş Ştatlar Qarabağ probleminə lazımi həssaslıq nümayiş etdirsə, bu problem həll olunacaq",-deyə sonda Azərbaycan prezidentinin İcra Apartının şöbə müdiri bildirib.

Xəbər lenti

Xəbər lenti