Mayın 8-də Azərbaycanda Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 14-cü ildönümü ilə əlaqədar anım mərasimləri keçirilir. Trend in məlumatına görə, ildönümlə bağlı Bakıda Şəhidlər Xiyabanı ziyarət olunub, paytaxtda və bölgələrdə konfranslar, sərgilər və başqa səpgili tədbirlər təşkil edilib.
Saat 11.00-da Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri, qaçqın və məcburi köçkünlər, ictimaiyyət nümayəndələri, siyasi partiyaların təmsilçiləri Şəhidlər Xiyabınında olublar. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi yad edilib, şəhidlərin məzarları önünə gül-çiçəklər qoyulub, onların ruhuna dualar oxunub.
Bakıda Şuşanın işğalının ildönümü münasibəti ilə Muzeylər Mərkəzində "Şuşa dünən, bu gün" adlı sərgi təşkil olunub. Beynəlxalq Mətbuat Mərkəzində də qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə bir neçə tədbir, dəyirmi masa keçirilib.
QAT-ın təşəbbüsü ilə Azərbaycanın bölgələrində də anım mərasimləri keçirilir. QAT sədri Akif Nağı bildirib ki, Lənkəranda, Şəkidə, Bərdədə və başqa rayonlarda müxtəlif səpgili tədbirlər təşkil olunub.