...

Azərbaycan politoloqları Ermənistan parlamenti spikerinin istefasına münasibət bildiriblər

Siyasət Materials 15 May 2006 17:11 (UTC +04:00)

"Ermənistan spikerinin hökumət koalisiyasından çıxmasının səbəbi onun müxalifət partiyası kimi parlament və prezident seçkilərində fəal iştirak etmək istəyi ilə bağlıdır". Bu fikirləri Trend ə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Ermənistan parlamentinin spikeri Artur Baqdasaryanın istefası və erməni hakimiyyətində yaranmış gərginliyi şərh edərkən bildirib.

Asim Mollazadə qeyd edib ki, Ermənistan hakimiyyətində cərəyan edən hadisələr parlament və prezident seçkilərinə hazırlıq mərhələsidir. Onun sözlərinə görə, hazırda seçkilərə qatılacaq qüvvələr müəyyənləşir və hətta R.Koçaryanın prezident sençkisində öz namizədliyini irəli sürməyəcəyi gözlənilir: "Prezident kürsüsü uğrunda siyasi partiyaların mübarizəsi başlanacaq. Baqdasaryanın istefasının bir səbəbi də onunla bağlıdır ki, o, bir müxalifət partiyası kimi parlament və prezident seçkilərində fəal iştirak etmək istəyir". A.Mollazadə onu da deyib ki, Qarabağla bağlı sülh danışıqları prosesində irəliləyişin olmamasının səbəbi də məhz Koçaryan hakimiyyətinin fəaliyyəti ilə əlaqədardır.

"Ermənilərin Qarabağla bağlı sülh danışıqları hansısa qərar vermək mərhələsinə çatanda və bu, ermənilər üçün əlverişli olmayanda onların Ermənistan daxilində daxili çaxnaşma törədərək vaxt udmaq və bu qərardan yaxa qurtarmaq kimi ənənəvi təcrübəsi var. Ona görə də Ermənistan hakimiyyətində hal-hazırda baş verənlərin bu ənənənin davamı olduğunu istisna etmirəm". Bu fikirlər isə politoloq Rasim Musabəyova məxsusdur. R.Musabəyov bu ehtimalı ilə yanaşı, eyni zamanda onu da qeyd edib ki, Ermənistanda baş verənlərin birbaşa Qarabağ danışıqlarını pozmaq üçün törədildiyini birmənalı şəkildə iddia etmək də olmaz. Lakin bu, artıq məlum bir tendensiyadır ki, danışıqlar prosesi ermənilərə sərf etməyən müstəvidə gedirsə, onlar mütləq öz ölkələrində daxili gərginlikdən bəhanə kimi istifadə edirlər.

Erməni spikerin istefa verərək müxalifətə keçməsini şərh edərkən politoloq bildirib ki, R,Koçaryanın devrilməsi hələ ki real görünmür. Çünki güc strukturları kifayət qədər Koçaryan-Sarkisyan tandeminin nəzarəti altındadır. R.Musabəyov həmçinin Ermənistanda ciddi xaosun yaranacağının da gözlənilən olmadığını deyib: "Bu, ikitərəfli prosesdir. Bir tərəfdən insanlar həqiqətən də Ermənistandakı mövcud vəziyyətdən beziblər. Bu, demokratik yolla seçiləcək rəhbərliyi vəziyyətdən çıxış yolları axtarmağa sövq edəcək. Bu yol isə Azərbaycanla dil tapmaqdan keçir. Amma bir məsələ də var ki, Ermənistan demokratiyanın inkişafına görə Azərbaycandan irəli keçərsə, onun ənənəvi Rusiya dəstəyi ilə yanaşı, Qərbin dəstəyi də möhkəmlənəcək. Ermənilər isə bundan istifadə edərək dünya ictimaiyyətini inandırmağa çalışacaqlar ki, "biz demokrat insanlar necə avtoritar Azərbaycanın tərkibində yaşaya bələrik?"".

R.Musabəyov əlavə edib ki, Ermənistanda siyasi gərginliyin qısa bir zamanda hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyini gözləmir: "Həm də Koçaryan öz imkanlarından istifadə edərək keçmiş spikerin partiyasından qopmaları təmin edəcək və parlamentdə çoxluğu qoruyub saxlamağa çalışacaq. Bu isə o deməkdir ki, Koçaryan rejiminin zəifliyi artıq görünməyə başlayıb".

Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, Rusiya bütün hallarda Ermənistan hakimiyyətində onun diqtəsindən kənar olan hər hansı siyasətçinin təmsil olunmasına imkan verməməyə çalışır. Amma Z.Əlizadənin fikrincə, erməni spikeri özü könüllü şəkildə istefa verməyib: "Güman edirəm ki, burada hansısa razılaşma var. Bu, Rusiyaya təzyiqin bir əlamətidir ki, Rusiyanın qazın qiymətini qaldırması da buna səbəb ola bilər. Ermənistan ona göstərməyə çalışır ki, rəmsi Moskva iqtisadi təzyiqləri davam etdirərsə, Ermənistanda Rusiya əleyhinə qüvvələrin sayı arta bilər. Bu da bir oyundur". Politoloq hesab edir ki, Ermənistandakı siyasi proseslər Qarabağla bağlı sülh danışıqları prosesinə təsir göstərmyəcək. Çünki Ermənistan danışıqlar prosesində yeknəsəq mövqe tutmur.

Xəbər lenti

Xəbər lenti