...

Aydın Mirzəzadə: "Minsk Qupunun həmsədrlərindən birinin geri çəkilməsi problemin həllinə ciddi təsir edə bilər"

Siyasət Materials 16 May 2006 15:54 (UTC +04:00)

Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən getməsi məqsədəuyğun deyil. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, politoloq Aydın Mirzəzadə parlamentdə bəzi millət vəkilləri tərəfindən Fransanın Minsk qrupundan çıxarılması təkliflərinə münasibət bildirərkən qeyd edib.

Fransanın beynəlxalq aləmdə nüfuzunun böyük, proseslərə təsir imkanlarının geniş olduğunu önə çəkən politoloq bildirib ki, ATƏT-in Minsk qrupunda təmsil olan Fransa ilə əməkdaşlıqdan imtina etmək olmaz: "Minsk qrupunun tərkibi müəyyənləşdiriləndə bura daxil olan dövlətlərin regiondakı maraqları, Dağlıq Qarabağ probleminin həllinə təsir imkanları nəzərə alınıb". A.Mirzəzadə vurğulayıb ki, Minsk qrupunun həmsədrlərindən (Fransa, Rusiya və ABŞ) birinin geri çəkilməsi problemin həllinə ciddi təsir edə bilər.

Millət vəkili onu da bildirib ki, bunlar nəzərə alınaraq Azərbaycan öz mövqeyini saxlamaq şərtilə Fransa ilə münasibətlərini saxlamalıdır. Rəsmi Parisin Dağlıq Qarabağ probleminin həlli imkanlarından maksimum istifadə edilməlidir: "Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır, problemin dinc yolla həllinə çalışır. Bu baxımdan onun Minsk qrupunun həmsədrliyindən getməsi məqsədəuyğun olmazdı".

Xəbər lenti

Xəbər lenti