Azərbaycan prezidenti İlham Əlyiev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin (AQFETM ) iyunun 17-də Almatıda keçiriləcək zirvə görüşündə iştirak etmək niyyətindədir. Bu barədə Trend ə Azərbaycan Prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Onun sözlərinə görə, İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevın dəvətini qəbul edib və Almatıya səfər etmək fikrindədir. Zirvə görüşündə Avrasiyada gedən proseslər, əməkdaşlığın inkişaf etdirilməsi və gələcək addımlarla bağlı dövlət başçıları səviyyəsində geniş fikir mübadiləsi aparılacaq. Sənədlərin qəbul edilməsi də gözlənilir. N.Məmmədov əlavə edib ki, hazırda regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət verilir. O, buna misal olaraq Vilnüs, Kiyev və Buxarestdəki zirvə görüşlərini göstərib.
N.Məmmədov təsdiqləyib ki, iyunun 17-də zirvə görüşü çərçivəsində Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft boru kəmərilə birgə nəqli haqqında hökumətlərarası sazişin imzalanması da planlaşdırılır.
Qey edək ki, AQFETM 1992-ci ildə N.Nazarbayevin təşəbbüsü ilə yaradılıb. AQFETM dövlət və hökumət başçılarının ilk zirvə görüşü 2002-ci ilin iyununda keçirilib. Təşkilata 16 dövlət - Əfqanıstan, Azərbaycan, Misir, Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan üzvdür. İndoneziya, Malayziya, ABŞ, Cənubi Koreya, Yaponiya, Ukrayna, Vyetnam isə müşahidəçi statusuna malikdir. Bundan əlavə, təşkilatda BMT, ATƏT və Ərəb Dövlətləri Liqası kimi bir sıra beynəlxalq təşkilatlar da təmsil olunur.