"Biz şadıq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yekunları üzrə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində əməkdaşlığın davam etdirilməsi üçün şərait saxlanılıb". Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 14-də Azərbaycanın Xarici İşlər Nazirliyində aparılmış danışıqların yekunları üzrə Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupunun rəhbəri, almaniyalı diplomat, səfir Ronald Vegener çıxış edib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması Azərbaycanın rəsmi şəxsləri ilə keçirilmiş görüşlərin gündəliyinə daxil edilmiş prioritet məsələlərdən biri olub.
R.Vegener qeyd edib ki, "Azərbaycan və Ermənistan XİN başçıları iyunun 13-də keçirilmiş Paris görüşündə danışıqlar prosesini davam etdirmək qərarına gəlib. "Biz bilirik ki, nazirlərin görüşü gərgin şəraitdə keçib və 4 saatdan artıq davam edib. XİN başçıları prezidentlərin görüşünün hazırlanması ilə bağlı məsələni də müzakirə edib", - deyə diplomat bildirib. O nəzərə çatdırıb ki, Dağlıq Qarabağ məsələsi AQO qrupunun nümayəndə heyətinin prezident İlham Əliyevlə dünənki görüşündə də müzakirə mövzusu olub.