...

ABŞ-ın yeni səfiri Dağlıq Qarabağ münaqişəsinin mərhələli nizamlanmasının vacibliyini qeyd edib

Siyasət Materials 3 İyul 2006 21:09 (UTC +04:00)

Azərbaycan qlobal enerji təhlükəsizliyi təhdidlərinin dəf edilməsində zəruri rol oynayır. Bu barədə Trend agentliyinin məlumatına əsasən, etimadnaməsini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edən ABŞ-ın Azərbaycandakı yeni fövqaladə və səlahiyyətli səfiri Enn Ders bildirib.

Səfir Azərbaycanın regional nüfuz mərkəzinə çevrilməsini alqışlayaraq, mühüm regional enerji layihələrində əsas iştirakçı kimi onun rolunu yüksək qiymətləndirib. O, Azərbaycan və ABŞ arasında neft sektorundan başqa iqtisadi sahələrdə də əlaqələrin genişləndirilməsinin önəmli olduğunu qeyd edib. Səfir xanım E.Ders həmçinin Azərbaycanın terrorizmə qarşı mübarizədə iştirakını qiymətləndirərək, İraqda və Əfqanıstanda edilən dəstəyə görə təşəkkürünü bildirib, eyni zamanda ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini vacib olduğunu deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlara toxunan qonaq, münaqişənin mərhələli həllinin vacibliyini qeyd edərək, Dağlıq Qarabağın statusunun müəyyənləşməsindən öncə işğal olunmuş ərazilərin işğaldan azad olunmasının və qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının zəruriliyini vurğulayıb.

Görüşün sonunda E.Məmmədyarov səfirin etimadnaməsinin surətini qəbul edərək, ona fəaliyyətində uğurlar arzu edib. O, Azərbaycanın Avro-Atlantik strukturlara inteqrasiyaya böyük önəm verdiyini, bu prosesin ölkədə bir sıra istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə islahatlara, inkişafa gətirəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti