...

Fazil Qəzənfəroğlu: "Böyük Quruluş Partiyası yüksələn xətt üzrə inkişaf etdiyi üçün sədrin dəyişməsi məqsədəuyğun sayılmadı"

Siyasət Materials 2 Oktyabr 2006 12:53 (UTC +04:00)
Fazil Qəzənfəroğlu: "Böyük Quruluş Partiyası yüksələn xətt üzrə inkişaf etdiyi üçün sədrin dəyişməsi məqsədəuyğun sayılmadı"

"Qurultay iştirakçıları bu qərara gəldilər ki, Böyük Quruluş Partiyası yüksələn xətt üzrə inkişaf etdiyi və bu templə də gələcəkdə hakimiyyətə gələcəyinə inandığı üçün partiya liderinin dəyişməsi məqsədəuyğun deyil". Bu fikirləri Trend ə açıqlamasında Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, müxalifətyönümlü Böyük Quruluş Partiyasının (BQP) sentyabrın 30-da ikinci qurultayı keçirilib. Qurultayda BQP-nin Nəzarət Təftiş Qurulunun sədri, üzvləri seçilib, Məclis üzvləri təsdiqlənib, əvvəlki sədr Fazil Qəzənfəroğlu yenidən partiyanın sədri seçilib.

Qurultayın yekunlarını şərh edərkən F.Qəzənfəroğlu deyib ki, toplantı gözlənildiyi kimi oldu, bütün strukturlar yeni tərkibdə formalaşdırıldı, BQP-nin yeni siyasi kursu müəyyənləşdi. Partiya sədrinin sözlərinə görə, BQP bundan sonra liberal-demokratik yönümlü təşkilat kimi göstərəcək: "Partiyamız insan faktorunu önə çəkərək bütün dəyərlərdən üstün tutacaq, hakimiyyətin iqtisadiyyat üzərində monopoliyasını minimuma endirməyə, azad iqtisadi bazarın hökm sürməsinə, totalitar dəyərlərin arxa plana keçməsinə çalışacaq"-deyə F.Qəzənfəroğlu qeyd edib.

Qurultayda partiya sədrliyinə yalnız özünün, yəni, alternativsiz namizəd olmasına aydınlıq gətirən F.Qəzənfəroğlu deyib ki, bu, qurultay iştirakçılarının arzusuna uyğun oldu. Onun sözlərinə görə, gələcəkdə partiya sədrinin uğursuz fəaliyyəti müşahidə edilərsə, liderin dəyişməsi mümkün və real ola bilər: "Əvəzolunmaz heç kəs yoxdur. Siyasi partiyalarda uğursuz liderlər olanda təşkilatın yuxarıdan yeniləşməsi, dəyişməsi zərurəti yaranır. Böyük Quruluş Partiyasının ikinci qurultayında partiya üzvləri belə fikir bildirdilər ki, bizim indiki sürətlə inkişafımız, yürütdüyümüz siyasi kursumuz qənaətbəxşdir və buna görə də indiki sədrin dəyişməsi məqəsədəuyğun sayılmır".

Xəbər lenti

Xəbər lenti