Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 6-da MDB dövlətləri təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib. Trend xəbər verir ki, görüşdə MDB təhlükəsizlik və xüsusi xidmət orqanlarının sıx əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Prezident İlham Əliyev dünyada beynəlxalq terrorizmin, narkotiklərin qeyri-qanuni dövriyyəsinin, mütəşəkkil cinayətkarlığın vüsət aldığı indiki dövrdə tərəfdaş ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinin, operativ məlumat mübadiləsinin vacibliyini bildirib. Bu baxımdan Azərbaycanın MDB çərçivəsində də fəal mövqe tutduğunu vurğulayan prezident ölkəmizin erməni terrorizmindən böyük ziyan çəkməsindən danışıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətləri Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının sədri Nikolay Patruşev bildirib ki, məhz MDB dövlətləri təhlükəsizlik və xüsusi xidmət orqanları arasında səmərəli əməkdaşlıq sayəsində 5-7 ölkənin qurumlarının birgə əməliyyatlar keçirməsi mümkün olub. O, Rusiya prezidenti və digər üzv ölkələrin başçılarının salamlarını Azərbaycan prezidentinə yetirib.