...

Nazim İbrahimov: "Benelüks Azərbaycanlıları Konqresinin yaradılması çox mühüm hadisədir"

Siyasət Materials 20 Noyabr 2006 14:31 (UTC +04:00)
Nazim İbrahimov: "Benelüks Azərbaycanlıları Konqresinin yaradılması çox mühüm hadisədir"

Noyabrın 18-də Amsterdam şəhərində Benelüks Azərbaycanlıları Konqresinin təsis konfransı keçirilib. Bu barədə Trend ə hazırda Amsterdamda səfərdə olan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

O bildirib ki, təsis konfransına Benelüks ölkələrindən 100-dən artıq qonaq qatılıb. Bu ölkələrdə yaşayan azərbaycanlılarla yanaşı, türk diaspor təşkilatlarının rəhbərləri, İraq türkmənlərinin nümayəndələri, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Bahəddin Kaya və başqaları konfransın işində iştirak ediblər. Təsis konfransında Benelüks Azərbaycanlıları Konqresinin yaradılması barədə qərar qəbul olunub. Niderland Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Tahir Qasımov iştirakçıların yekdil səsverməsi ilə bu Konqresə sədr seçilib. Konqres Benelüks ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatını özündə birləşdirir. Konfransda Nazim İbrahimov da çıxış edib, Azərbaycanda gedən proseslər, diasporumuzun bugünkü durumu, inkişafı, əsas strategiyası barədə danışıb, gələn il keçiriləcək tədbirlər barədə məlumat verib.

Təsis konfransının sonunda Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciət müəllifləri dövlət başçısının yürütdüyü siyasi kursu dəstəklədiklərini, ölkəmizin iqtisadi inkişafını təqdir etdiklərini vurğulayıb, həmçinin diasporumuzun inkişafı üçün lazım olan addımları atmağa hazır olduqlarını bildiriblər. Konfransdan sonra konsert verilib, müğənni Azərin xanım diaspor nümayəndələrimiz qarşısında çıxış edib.

N.İbrahimov Benelüks Azərbaycanlıları Konqresinin yaradılmasını Azərbaycan diasporu tarixində çox böyük və mühüm bir hadisə kimi qiymətiləndirib.

Xəbər lenti

Xəbər lenti