...

Azərbaycan prezidenti Aleksandr Maslyakovu KVN-in yubileyi münasibətilə təbrik edib

Siyasət Materials 24 Noyabr 2006 13:01 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq "Şən və hazırcavablar" klubunun prezidenti, "AMİK" televiziya şirkətinin prezidenti Aleksandr Maslyakova KVN televiziya oyununun 45 illik yubilyeyi münasibətilə təbrik məktubu göndərib.

Trend in Moskvadakı xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Azərbaycanın Moskvadakı səfirliyinin binasında dövlət başçısının təbrik məktubunu və ən səmimi arzularını KVN-in əvəzsiz aparıcısına çatdırıb və qeyd edib ki, Azərbaycanın dövlət başçısı həmin nəslin nümayəndəsidir və KVN-in mənbəyində olub.

Məktubda qeyd olunub ki, onun fəal iştirak etdiyi bir çox uğurlu layihələr arasında KVN xüsusi yer tutur və A.Maslyakov 45 il ərzində bu verilişin əvəzsiz aparıcısı olmaqla, sözün əsl mənasında, KVN-in əsl siması ola bilib. Səfir həmçinin xüsusilə qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev KVN-ə çox diqqətlə yanaşırdı və bu yaxşı ənənəni Azərbaycanın hazırkı prezidenti İlham Əliyev davam etdirir.

Aleksandr Maslyakov dövlət başçımıza öz dərin minnətdarlığını bildirib və qeyd edib: "Mən bu diqqətə görə İlham Əliyevə çox minnətdaram və mənə xoşdur ki, onun maraq dairəsinə KVN də daxildir. Mənə onun diqqəti çox xoşdur və ümid edirəm ki, onun rəhbərliyi, o cümlədən onun diqqəti altında Azərbaycan KVN-çilərin nəsli davam edəcək. İstərdim ki, o əfsanəvi komandadan sonra növbəti nəsillər də olsun, çünki Azərbaycanda istedadlı insanlar yetişir və onlar üçün həmişə klubda yer var. Mən Heydər Əliyevi və onun bizə mehriban münasibətini xatırlamaya bilmərəm. Bir neçə vaxt bundan əvvəl biz Bakıda Bakı və Odessa KVN-çilərin görüşdüyü super oyunlardan birini çəkəndə, Heydər Əliyev bizi qəbul etmək üçün vaxt tapdı. Biz normal mövzulardan, KVN mövzularından danışdıq. Bu, bizim üçün gözlənilməz oldu və Heydər Əliyevdən sonra prezidentlər bizə diqqət etməyə başladı".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu A.Maslyakovu Bakıya dəvət edib və qeyd edib ki, onun səfəri Bakıda yeni KVN komandasının yaranmasına təkan verəcək.

Səfirlikdəki görüşdə həmçinin Milli Məclisin deputatı, "Parni iz Baku" komandasının keçmiş kapitanı Anar Məmmədxanov, İTAR-TASS-ın baş direktorunun müavini Mixail Qusman, həmçinin A.Maslyakovun xanımı Svetlana Maslyakova da iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti