...

Heydər Əliyev Fondunda Rusiyanın tarixçi-yazıçısının Azərbaycan generalı haqqında kitabının təqdimatı keçirilib

Siyasət Materials 8 Dekabr 2006 19:07 (UTC +04:00)
Heydər Əliyev Fondunda Rusiyanın tarixçi-yazıçısının Azərbaycan generalı haqqında kitabının təqdimatı keçirilib

Dekabrın 8-də Heydər Əliyev Fondunda Rusiyanın tanınmış tarixçi-qafqazşünası, Rusiyanın Yazıçılar İttifaqı və Jurnalistlər İttifaqının üzvü, professor Rudolf İvanovun "Əlahəzrətin general-adyutantı. Hüseyn Xan Naxçıvanski haqqında rəvayət" adlı yeni işinin təqdimatı keçirilib.

Trend xəbər verir ki, Azərbaycan elmi ictimaiyyətinin və ziyalılarının iştirak etdiyi mərasimi açan Fondun icraçı direktoru Anar Ələkbərov açaraq qonaqlara Heydər Əliyev Fondunun təhsilin, səhiyyə və mədəniyyətin müxtəlif sahələrinə yönəlmiş fəaliyyəti haqqında məlumat verib. A.Ələkbərov qeyd edib ki, fondun fəaliyyət istiqamətlərindən biri Azərbaycanın tarix və mədəniyyətini təbliğ edən ədəbiyyatın nəşrinə köməklik göstərməkdir. Fond artıq "Qarabağ həqiqətləri" məcmuəsini dərc edib, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində məhv edilmiş tarixi və mədəniyyət abidələri, eləcə də dini ziyarətgahlar haqqında kitab nəşrə hazırlanır.

A.Ələkbərovun qeyd etdiyi kimi, Fondun prezidenti, UNESCO və ISESCO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Rusiyanın tanınmış tarixçi-yazıçısı Rudolf İvanovun əsərlərinin Azərbaycanda dərc olunmasına yardım edib.

Bu ilin yayında müəllifin "Bəyazidin müdafiəsi: həqiqət və yalan" tarixi povesti işıq üzü görüb, bu yaxınlarda Moskvada isə alim-tarixçinin "Əlahəzrətin general-adyutantı. Hüseyn Xan Naxçıvanski haqqında rəvayət" adlı növbəti əsəri dərc olunub.

"Rudolf İvanov Rusiya tarixində yeni söz deyib, onun kitabları - ruhu və mahiyyətinə görə tamamilə dəqiq və obyektiv tarixi-sənədli salnamədir, eyni zamanda bu kitablar böyük maraqla oxunur və bədii əsərdir", - deyə təqdimatda çıxış edən əməkdar jurnalist, publisist və Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova qeyd edib. O, müəllifin vətəndaş mövqeyini, cəsarətini və həqiqəti anlamaq cəhdini xüsusilə qeyd edib.

E.Axundova bildirib ki, hazırda R.İvanov Azərbaycan xalqının digər şanlı oğlu -Cəmşid Naxçıvanski haqqında tarixi əsər üzərində işləyir. Axundovanın sözlərinə görə, C.Naxçıvanski Azərbaycanın eks-prezidenti Heydər Əliyevin sevimli tarixi personajlarından biri idi, məhz 1956-cı ildə Heydər Əliyevin hökümətə təqdim etdiyi arayış üzrə onun reabilitasiyası olub, sonra isə H.Əliyev hərbi litseyə onun adını verib. E.Axundova sensasiyaya səbəb olan bir xəbər də verib - R.İvanov C.Naxçıvanskinin basdırıldığı yeri tapmağa nail olub.

E.Axundova Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyələndirilməsində bu kitabların əhəmiyyətini yüksək qiymətləndirib və kitabların Azərbaycan dilinə tərcüməsinin əhəmiyyətini vurğulayıb.

Mərasimdə Azərbaycanda rus icmasının başçısı, Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, R.İvanovun kitablarında Azərbaycanın ən yaxşı oğullarının xarakterində açılan igidlik, düzlük, sədaqət, sadəlik kimi keyfiyyətlər bütün Azərbaycan xalqına xas keyfiyyətlərdir. Onun sözlərinə görə, bu gün Azərbaycanın ətrafında çoxlu yalan var və məhz rusiyalı tarixçi-yazıçının Azərbaycan oğulları haqqında həqiqəti yazması sevindirici haldır. Hazırda Azərbaycanda təxminən 170 min, qonşu ölkələrdə isə 5-7 min rus yaşayır. O vurğulayıb ki, bu rəqəmlər Azərbaycan xalqının xasiyyətinin ən yaxşı göstəricisidir.

Aralarında imperator Rusiyası və Qafqaz tarixi üzrə əsərlərin görkəmli yer tutduğu 23 kitab və təxminən 200 məqalənin, eləcə də Qafqaz xalqlarının tarixinə, Qafqaz xalqları nümayəndələrinin qəhrəmanlıqlarına və onların Rusiya imperiyasının müdafiəsi və çiçəklənməsində roluna həsr olunmuş kitabların müəllifi R.İvanov Fondun prezidenti Mehriban Əliyevaya onun əsərlərinin nəşr olunmasında göstərdiyi köməyə görə öz minnətdarlığını bildirib.

Sonda İvanov qeyd edib ki, Azərbaycan xalqı rus ordusuna beş general və bir marşal verib və onlar ölənədək Rusiyaya sədaqətlə xidmət ediblər.

Xəbər lenti

Xəbər lenti