...

YAP Əli İnsanovun ittihamlarını rədd edir

Siyasət Materials 11 Aprel 2007 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ 2003-cü ilin avqustunda İlham Əliyevin baş nazir təyin edilməsini, sonra isə ölkə prezidenti seçilməsini vaxtilə qızğın şəkildə alqışlayan müttəhim Əli İnsanovun indi məhkəmədə həqiqətdən tam uzaq və qərəzli bəyanatlar səsləndirməsi siyasi riyakarlıqdan başqa bir şey deyil. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) çərşənbə günü yaydığı bəyanatda belə deyilir.

"Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə vəzifə səlahiyyətlərindən sui - istifadə, rüşvət alma, dövlət əmlakını mənimsəmə maddələri ilə ittiham olunan sabiq səhiyyə naziri Əli İnsanov son sözündə YAP-ın və iqtidarın əleyhinə növbəti dəfə iftira və böhtanlar söyləyib. Bununla da o, bir daha barəsində irəli sürülmüş əsaslı ittihamlara cavab verə bilmədiyini dolayı yolla təsdiq edib", -deyə bəyanatda qeyd olunub.

YAP Əli İnsanovun məhkəmədə iqtidar və iqtidarın təmsilçiləri, hakimiyyət haqqında böhtan söyləməsini onun ittihamlardan yayınmaq, məhkəmə prosesini siyasi şouya çevirmək cəhdi kimi qiymətləndirir. Hakim partiya hesab edir ki, Ə.İnsanov vaxtilə təmsil olunduğu hakimiyyət haqqında müttəhimlər kürsüsündə əyləşdikdən sonra böhtan və qərəz əsasında fikirlər səsləndirməklə əslində özünün əxlaqi və mənəvi keyfiyyətlərini, həqiqi simasını nümayiş etdirir.

YAP Əli İnsanova xatırladır ki, o, 2003-cü il seçkilərindən sonra indi haqqında riyakarcasına qərəz dolu ifadələr işlətdiyi prezidentin sərəncamı ilə yenidən səhiyyə naziri təyin edilib və 2005-ci ilin oktyabrında həbs olunanadək bu vəzifəni tutub.

Yeni Azərbaycan Partiyası eyni zamanda müttəhim Ə.İnsanovun 2003-cü il prezident seçkilərinin maliyyələşdirilməsi barədə məhkəmədə söylədiklərinin də həqiqətə uyğun olmadığını bəyan edir və bildirir ki, seçkiləri izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilər, o cümlədən MSK tərəfindən YAP-ın seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı hər hansı bir nöqsan aşkar edilməyib: "Bütün bunlar onu göstərir ki, barəsində irəli sürülmüş əsaslı ittihamlar qarşısında aciz qalan və özünə heç cür haqq qazandıra bilməyən sabiq nazir çıxış yolu olaraq saxtakarlığa, riyakarlığa və böhtana əl atıb."

YAP müttəhim Ə.İnsanovun bütün böhtan və yalanlarını qətiyyətlə rədd edir və pisləyir.

Qeyd edək ki, YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 13 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti