...

Azərbaycanlı politoloqlar: "Ermənistanda parlament seçkilərinin qeyri-demokratik və böyük saxtakarlıqlarla keçəcəyi gözlənilən idi"

Siyasət Materials 14 May 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ermənistanda parlament seçkilərinin qeyri-demokratik və böyük saxtakarlıqlarla keçəcəyi gözlənilən idi. Bu barədə bazar ertəsi Bakıda Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, politoloq Aydın Mirzəzədə bildirib.

Onun fikrincə, bu ölkədən gələn informasiyalar əvvəlcədən seçkilərin saxtalaşdırılacağını deməyə əsas verirdi. Millət vəkili qeyd edib ki, Ermənistan MSK-nın doqquz üzvündən üçü yekun protokolları imzalamaqdan imtina edib: "Bu isə seçkinin anti-demokratik keçirildiyini göstərən faktlardan biridir. Hətta aparıcı müxalifət partiyaları olan Xalq və Milli Birlik partiyaları sədrləri də daxil olmaqla parlamentdən kənarda qalıblar. Hansı ki, prezident seçkilərində bu partiyaların rəhbərləri 15 faizdən 40 faizə qədər səs toplamışdılar".

Mirzəzadə hesab edir ki, Ermənistan hakimiyyəti ölkədə qurama bir siyasi sistem yaratmaq istəyir. Ona görə də özlərinə sərf edən partiyaları parlamentə buraxıblar: "Amma Ermənistanda olan siyasi gərginlik çox ağır formada hakimiyyətə öz təsirini göstərəcək".

Beynəlxalq müşahidəçilərin seçkiləri demokratik adlandırmasına toxunan millət vəkili vurğulayıb ki, bu ikili standartlardan və Ermənistanı hansısa formada Avropada demokratik ölkə kimi göstərmək istəyindən irəli gəlir: "Eyni zamanda xaricdəki erməni lobbisi də hansısa formada buna təsir göstərə bilər".

Millət vəkilinin qənaətinə görə, Ermənistandakı parlament seçkilərinin nəticələri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara təsir göstərməyəcək: "Seçkilərin necə keçirilməsindən və kimin qalib gəlməsindən asılı olmayaraq, iki ölkə arasında danışıqlar davam edəcək. Bu proses Azərbaycanın ədalətli tələbləri çərçivəsində aparılacaq. Hələ seçkilərdən əvvəl iki ölkənin həm xarici işlər nazirlərinin, həm də prezidentlərinin görüşünün vaxtı müəyyənləşdirilmişdi. Hesab edirəm ki, seçkilərin demokratik keçirilməsi Ermənistanın öz inkişafı və cəmiyyətin demokratikləşməsi üçün lazım idi. Danışıqların aparılması isə Azərbaycanın artan nüfuzu və haqlı tələbələrini çox prinsipal şəkildə ortaya qoyması ilə şərtlənir".

Politoloq Zərdüşt Əlizadə bildirib ki, Ermənistanda keçirilən parlament seçkilərinin belə bir nəticə ilə başa çatacağı gözlənilən idi. Onun fikrincə, Ermənistanda hakim qüvvə dövlət resuslarından cəmiyyəti əzmək üçün istifadə edir və demokratik seçkilərə imkan vermək niyyətində deyil: "Ermənistan hakimiyəti diasporun, xarici ölkələrin yardımlarını və büdcə pullarını mənimsəyərək, onu özünün iqtisadi-siyasi dayaqlarının möhkəmlənməsinə sərf edir. Bu ölkədə hər bir seçki görüntü və şərti xarakter daşıyır. Ermənistan hakimiyyəti heç bir vəclə demokratik seçki keçirmək niyyətində deyil".

Ekspertin sözlərinə görə, Ermənistan müxalifətinin seçkilərdə qələbə qazanmaq üçün heç bir şansının olmadığı əvvəlcədən məlum idi. Çünki hakim zümrə müxalifəti bütün iqtisadi, siyasi və infromasiya dayaqlarından məhrum edib. Əlizadə deyib ki, Ermənistanda nəinki müxalifətə geniş yer verən, heç hadisələri obyektiv işıqlındıran televiziya da yoxdur.

Politoloq bildirib ki, Ermənistanda hakimiyyətdə olan Qarabağ klanı Rusiyanın geniş dəstəyindən istifadə edərək seçkiləri saxtalaşdırır və hakimiyyətlərini möhkəmləndirir.

"Ermənistanda vətəndaş cəmiyyəti tam məğlubiyyətə uğrayıb. Bu, ermənilərin özlərinin günahları və bəlalarıdır. Dağlıq Qarabağ münaqişəsinin aşkar görünən tərəfi Ermənistanda demokratiyanın boğulmasıdır. Bu, ermənilərin öz seçimləridir" - deyə ekspert əlavə edib.

Onun qənaətinə görə, Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri Dağlıq Qarabağ münaqişəsinə heç bir təsir göstərməyəcək. Əlizadə qeyd edib ki, Rusiyanın istəyinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi dondurulacaq: "Əsas məsələ odur ki, müharibə yenidən başlamasın və bölgədə yeni bir gərginlik ocağı yaranmasın. Bu da Avropaya da sərf edir".

Robert Köçəryanın və Serj Sarkisyanın eyni adam olduqlarını deyən ekspert vurğulayıb ki, artıq ikincinin prezident olması üçün bir mərəhələ də arxada qalıb. Onun sözlərinə görə, parlament seçkiləri Sarkisyanın prezident olması yolunda bir mərasim idi və hakimiyyət bunu da arxada qoydu.

Xəbər lenti

Xəbər lenti