Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Parlamentdə Qarabağla bağlı səmərəsiz müzakirələr aparılmasına ehtiyac yoxdur. Bu barədə Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova cümə axşamı açıqlama verib.
O qeyd edib ki, Qarabağla bağlı Azərbaycanla Ermənistan rəhbərləri arasında danışıqlar gizli gedir, müəyyən məqamlar açıqlanmır. Ona görə də parlamentdə konkret olaraq nələrin müzakirəyə çıxarılması müəyyənləşməlidir: "Milli Məclis Azərbaycanın öz ərazisinin itirilməsi ilə razılaşmayacağı barədə prezidentin mövqeyini dəstəkləyir. Bu mövqeyi yenidən səsləndirmək üçün toplaşmağa və mövqeyimizi dəqiqləşdirməyə ehtiyac görmürəm. Ermənistanda bu barədə hər gün müzakirələr aparıla bilər, çünki bu ölkə haqsız olduğunu bilir, işğal etdiyi əraziləri nə vaxtsa azad etmək məcburiyyətində qalacağını başa düşür. Ona görə də Ermənistan mövqeyində müəyyənləşmələr apara bilər. Amma Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Ona görə də parlamentdə səmərəsiz müzakirələr aparmaqdan, söhbəti lazımsız istiqamətə yönəltməkdən qaçmaq lazımdır" - deyə vitse-spiker qeyd edib.
Muradova əlavə edib ki, nə vaxtsa sülh danışıqları prosesində konkret variant olacaqsa və buna münasibət bildirmək lazım gələcəksə, Milli Məclis mütləq yığışıb məsələni müzakirə edəcək, öz mövqeyini bildirəcək.
Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.