...

"İran-Azərbaycan-Rusiya" marşrutu ilə daşınan 85 kiloqramdan artıq həşiş qanunsuz dövriyyədən çıxarılıb

Siyasət Materials 27 İyun 2007 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Dövlət Sərhəd Xidmətinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu ilə qaçaqmalçılıq yolu ilə daşınan 85 kiloqramdan artıq həşiş qanunsuz dövriyyədən çıxarılıb. MTN-in ictimai əlaqələr mərkəzindən çərşənbə günü Trend ə verilən məlumata görə, Rusiyanın Moskva şəhərində yaşayan Lənkəran şəhər sakini Mirmehti Mirtağı oğlu Ağayev, hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən İran vətəndaşları və digərləri əlbir olaraq külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana, buradan da eyni üsulla Rusiyaya daşımaq barədə qabaqcadan cinayətkar razılığa gəliblər. Bu razılaşmaya əsasən, hazırda şəxsiyyəti istintaqla müəyyənləşdirilən İran vətəndaşı 2007-ci il iyunun 9-da 55 kiloqram 619,2 qram narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirərək, Biləsuvar rayonu ərazisində Mirmehti Ağayevin oğlu Ramin Ağayevə təhvil verib. O isə narkotik vasitəni Bakıya gətirərək qohumunun evində gizlədib.

Növbəti dəfə hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən digər İran vətəndaşları 2007-ci il iyunun 13-də 30 kiloqram narkotik vasitə olan həşişi qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriblər və Cəlilabad rayonunun Andreyevka qəsəbəsi ərazisində R.Ağayevə təhvil veriblər. R.Ağayev isə təhvil aldığı narkotik vasitəni Bakıda kirayələdiyi evdə saxlayıb. 2007-ci il iyunun 19-da MTN əməkdaşları tərəfindən R.Ağayevin kirayənişin yaşadığı və onun qohumuna məxsus mənzillərə keçirilmiş baxışlar zamanı ümumi çəkisi 85 kiloqram 619,2 qram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti