...

Nazir müavini: "Azərbaycan və Türkmənistan arasında yüksək səviyyədə səfərlərin təşkil olunması üçün işlər görülür"

Siyasət Materials 4 İyul 2007 15:44 (UTC +04:00)
Nazir müavini: "Azərbaycan və Türkmənistan arasında yüksək səviyyədə səfərlərin təşkil olunması üçün işlər görülür"

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Azərbaycan-Türkmənistan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə yüksək səviyyədə qarşılıqlı səfərlərin təşkil olunması üzrə iş aparılır. Yeni yaradılan iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiya ikitərəfli əlaqələrin gələcək inkişafına yardım edəcək. Bunu çərşənbə günü Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Türkmənistan və Azərbaycan arasında əlaqələr 2006-cı ilin sonunda vəfat edən Saparmurad Niyazovun dövründə soyuq idi. Bundan əlavə, iki postsovet müsəlman qonşu ölkələri arasında Xəzər dənizinin bölünməsi, mübahisəli "Kəpəz" yatağının işlənilməsi, həmçinin 90-cı illərin əvvəlində Azərbaycana verilmiş türkmən qazına görə borcun həcminə görə fikir ayrılıqları kimi məsələlər həll olunmamış qalır. Azərbaycanın Aşqabadda səfirliyinin fəaliyyət göstərməsinə baxmayaraq, son 6-7 ildə iki ölkə arasında əlaqələr son dərəcə məhdud idi. Qurbanqulu Berdımuhəmmədovun hakimiyyətə gəlməsi ilə ölkələr arasındakı əlaqələr istiləşib.

Xəzər dənizinin statusu ilə bağlı danışıqlarda Azərbaycanı təmsil edən və komissiyanın üzvü olan Xələfov bildirib ki, iki ölkənin XİN-ləri arasında səfərlər artıq həyata keçirilir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Aşqabada rəsmi səfər edib. Xələfov əlavə edib ki, yüksək səviyyədə digər səfərlərin təşkil olunması üçün də işlər görülür.

Birgə komissiyanın Azərbaycan tərəfdən nümayəndələrinin təsdiq olunması haqqında Azərbaycan prezidentinin iyun sərəncamına toxunan Xələfov bildirib ki, komissiyanın iclasının keçirilmə tarixi hələ müəyyən olunmayıb və bu, diplomatik kanallar vasitəsilə razılaşdırılacaq. "Mandata uyğun olaraq komissiya iqtisadi-ticari, humanitar əməkdaşlığın bütün aspektlərini müzakirə etmək üçün yaradılıb. Bununla yanaşı, birgə layihələrin də həyata keçirilməsi müzakirə olunacaq" - deyə Xələfov əlavə edib.

Hökumətlərarası komissiyanın yaradılması təşəbbüsü ilə Azərbaycan XİN rəhbəri Məmmədyarov Aşqabada səfəri zamanı çıxış etmişdi. Sonra bu məsələni Azərbaycan və Türkmənistan prezidentləri iyunun əvvəlində iki dəfə müzakirə edərək razılıq veriblər. Komissiyanın Azərbaycan heyətinə baş nazirin müavini Yaqub Eyyubov rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti