...

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 8 müraciəti araşdırıb

Cəmiyyət Materials 20 Sentyabr 2007 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 8 müraciəti araşdırıb. Bu barədə cümə axşamı Mətbuat Şurasından məlumat verilib.

Müdafiə Nazirliyinin, "Azadlıq və zaman" qəzetinin 3 iyul 2007-ci il tarixli sayında dərc olunan "Səfər Əbiyev Müdafiə Nazirliyini işğal edib" sərlövhəli yazı ilə bağlı şikayətinə baxılıb. Şura bu qənaətə gəlib ki, qəzet öz fəaliyyətini "reket" nəşrlərə xas üsulda qurduğundan, orada peşə məsuliyyətindən , demək olar, əsər-əlamət yoxdur.

Belə rəyə gəlinib ki, qəzet Müdafiə Nazirliyindən üzr istəməli, təkzib verməlidir.

Komissiya "Yeni çağ" qəzetinin iyul saylarında gedən 3 yazıda Asiya Dialoqu İctimai Birliyi və Qafqaz Media Tədris Mərkəzi, onun sədri Sevil Nuriyeva və koordinatoru Könül Şamilqızı barədə yanlış, təhqiramiz, qərəzli fikirlərin yazıldığı qənaətinə gəlib. Bu barədə nəşrin baş redaktoru Aqil Ələsgərə məlumat verilib. Komissiya rəyə gəlib ki, "Yeni çağ" növbəti sayında təkzib verməli və qarşı tərəfdən üzr istəməlidir.

Gəncə Telekommunikasiya İdarəsi "Media Azərbaycan" qəzetində dərc olunan "Talançılıq"(23-30 avqust 2007-ci il) sərlövhəli yazıdan şikayət verib, Şuranın qənaətinə görə, məqalədə bir sıra etik prinsiplər pozulub, birtərəfli mövqeyə, təhqiramiz fikirlərə yer verilib. Qəzetə, təkzib vermək, qarşı tərəfdən üzr istəmək tövsiyyə olunub.

Komissiya "Radikal" qəzetinin iyun, avqust aylarında Ağcəbədi rayon polis şöbəsi ilə bağlı dərc etdiyi yazıların da qayda pozuntuları ilə səhifəyə çıxarıldığını bildirir. "Qanun alidir" qəzetinin baş redaktoru Xanbala Manafoğlu bu nəşrdə gedən təhqiramiz və böhtan xarakterli yazı ilə əlaqədar, qarşı tərəfdən-Lənkəran Humanitar Kollecinin direktoru Cahangir İbrahimovdan üzr istəyib və təkzib verməyə hazır olduğunu bildirdiyi üçün, məsələ bitmiş sayılıb.

Plagiatla bağlı müraciətə dair isə, Komissiya rəyə gəlib ki, "Mərkəz" qəzetinin sentyabr saylarında gedən "Montin qəbiristanlığı köçürülür" və "Məktəb bazarlığı" sərlövhəli yazılar, yalnız başlıqları dəyişdirilməklə "Azadlıq" qəzetində verilib. Şura rəyə gəlib ki, "Azadlıq" qəzeti bununla bağlı oxucularını məlumatlandırmalı, qarşı tərəfdən üzr istəməlidir.

Xəbər lenti

Xəbər lenti