Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Azərbaycan bölgələrində korrupsiya halları ən çox paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşən Gəncə şəhərindədir, bununla bağlı Beynəlxalq Şəffaflıq Təşkilatının 9 aylıq hesabatında qeyd olunub.Hesabata əsasən, bu ilin doqquz ayı ərzində təşkilatın Gəncə ofisinə korrupsiya halları ilə bağlı 501 vətəndaş müraciət edib. Lənkəranda uyğun göstərici 360, Qubada 330, Şəkidə 327, Bakı ofisində 274 olub.
Gəncə ofisinə daxil olan müraciətlərdən 86-sı bələdiyyə, 81-i məhkəmə, 57-si pensiya, 35-i icra orqanlarından, 34-ü polis, 23-ü təhsil, 19-u hərbi komissarlıq,13-ü səhiyyə orqanlarındandır.
Təşkilatın Gəncə ofisinin hüquqşünası Sevinc Məmmədovanın sözlərinə görə, bələdiyyələrdə torpaq sahələrinin alqı-satqısı, paylanılması, bölüşdürülməsi zamanı ciddi korrupsiya hallarına yol verilir.
Beynəlxalq Şəffaflıq Təşkilatı 1993-cü ildən təsis olunub və hazırda 90-dan artıq ölkədə fəaliyyət göstərir. 2000-ci ildən Azərbaycanda fəaliyyətinə başlayan təşkilat 2005-ci ildən ölkəmizdə İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi layihəsini həyata keçirir. Həmin layihə çərçivəsində, əvvəl Bakı və Gəncədə, daha sonra Quba, Lənkəran və Şəkidə qurumun mərkəzləri açılıb.