...

Faiq Ağayev idman layihəsində

Cəmiyyət Materials 22 Noyabr 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /müx. TrendLife Günel Əhmədova/

Sosial yönümlü tele-layihənin hazırlıqları ərəfəsində olan əməkdar artist Faiq Ağayevə təlkif gəlib. İdman sahəsində təmsil olunan bir qrup adam bu sahəni təşkil edən böyük layihəyə məhz cənab şlyagerin aparıcılıq etməsi təklifi ilə çıxış edib. Əgər Ağayev təklifi dəyərləndirsə, 2008-ci ildə onu iki ayrı-ayrı aspektdi tele-layihənin aparıcısı kimi görəcəyik. Bu barədə TrendLife-ın müxbirinə eksklüziv danışan əməkdar artist dedi ki, əslində bu, onun yaradıcılıq formatından uzaq bir təklifdir, amma təşəbbüskar tərəf onun saqqızını oğurlaya bilib:

-Hər iki verilişin yayımı gələn ilin ilk aylarına nəzərdə tutulub. Bilirsiniz ki, sosial yönümlü veriliş öz ideyamdır. Sadəcə, tele-mütəxəssislərdən bəzi məsləhətlər almışam. Layihə üzərində bir qrup adam işləyir və efir həlli mütləq baş tutacaq. İndi sizə danışdığım layihə isə, mənə bir o qədər yaxın olmayan bir sahəni təşkil edir. Adətən, idmanı kənardan izləyən bir şəxs üçün onun daxilinə varmaq məsuliyyət tələb edir. Bu səbəbdən düşündüm ki, bu, Faiq Ağayev obrazına uzaqdır və tərəddüdüm təbiidi. Amma təklif sahibi saqqızımı oğurlaya bildi və ilkin razılıq əldə olunub.

-Veriliş hansı idman növünü əhatə edəcək?

-Bu haqda əvvəlcədən danışa bilməyəcəm. Yalnız deyə bilərəm ki, bu idman növündən Azərbaycanda az hallarda istifadə olunub. Əsasən, rəsmi yarışlar səviyyəsində onu izləyə bilmişik. Tele-layihə üzərində hazırlıq işləri sürətlə davam edir və hər hansı əngəl olmasa, gələn il efirdə olacağam.

-Faiq Ağayev yaradıcılığa necə, vaxt tapa bilir? Axı sizi qarşıda ənənəvi konsert layihəsi gözləyir...

-İki gün öncə yaxın dostlarımın əhatəsində yaradıcılığımın 20 yaşını qeyd etmişəm. İşinin ustası olan şəxs üçün bir neçə sahəyə parçalanmaq çətin deyil. 20 il sərasər səhnədə çalışan və ancaq səviyyəli çıxışlar göstərən insan üçün bu, qısa göstərici hesab olunmur. Qarşıda isə, məni doğum günü və bu münasibətlə verəcəyim konsert porqramım gözləyir.

-Konsertin özəlliklərini necə görürsünüz?

- Əvvəla, qeyd edim ki, konsertin ana xəttini Avropa səviyyəlli proqram təşkil edəcək. Bunlar mənim ifam, dekorasiya, geyim, repertuar və s. ibarətdir. Ən başlıcası budur ki, səhnə effekti üzərində rusiyalı mütəxəssislər çalışacaqlar. Artıq həmin nümayəndələrə təklifimizi çatdırmışıq. Məhz onların iş qrafikini nəzərə alıb, konsertin vaxtını dəyişdik. Qeyd edim ki, musiqili proqram dekabrın 27 və 28-nə, ad günümün əvvəlki tarixlərinə nəzərdə tutulmuşdu. Lakin həmin tarixə onların iş qrafiki tutulduğundan, konsertin tarixində dəyişiklik etməyi düşündük. Həmin mütəxəssislərin məhsulundan bəhrələnmək mənim üçün vacibdir. Çünki Azərbaycanda işıq, səs effektləri irəliləsə də, ümumi səhnə effekti standartlardan kənara çıxa bilmir. Avropasayağı proqram hazırlamaq üçün ölkədən kənara çıxmaq vacibdir. Artıq mütəxəssislər layihə üzərində çalışırlar və onun həlli gələn ilin qışına nəzərdə tutulub. Amma konkret tarix müəyyən edilməyib.

-Repertuarı hansı mahnılar təşkil edəcək?

-Hazırda 8 yeni mahnı yazılır. Novruz Aslana məxsus iki mahnı artıq hazırdır. Lakin onu dalğalara ötürməyə tələsmirəm. Eyni zamanda, Mina İbrahimova, Xanım İsmayılqızı, Nailə Mirməmmədli, Vüqar Camalzadənin bəstələri üzərində çalışıram. Ən əsası odur ki, İslam Rzayevin repertuarından mahnı səsləndirmişəm. Amma adını açıqlamaq istəmirəm. Çünki bizdə qəribə bir tendensiya mövcuddur. Planların haqqında əvvəlcədən danışmağınla, kiməsə hazır proqram verirsən. Bu səbəbdən, ehtiyatı əldən vermək istəmirəm.

Xəbər lenti

Xəbər lenti