...

Bələdiyyələrin fəaliyyətindən şikayətlər artıb - Ədliyyə Nazirliyinin rəsmisi

Cəmiyyət Materials 6 Fevral 2008 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir İ.Əlizadə/ Ötən il 25 bələdiyyə barəsində prokurorluq orqanları tərəfindən cinayət işi başlanılıb. Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzinin rəhbəri Mehdi Səlimzadə çərşənbə günü jurnalistlərə bildirib ki, həmin bələdiyyələrdən üçü ilə bağlı məhkəmə qərarı qəbul edilib, digərlərinin barəsində istintaq tədbirləri davam etdirilir.

Səlimzadənin bildirdiyinə görə, cnayət xarakterli pozuntular Abşeron, Salyan, Biləsuvar, Sabiradad, Şamaxı, Qobustan və Zaqatala rayon bələdiyyələrində qeydə alınıb. Həmin bələdiyyələrin rəhbərləri - bələdiyyə mülkiyyətinin qanunsuz özəlləşdirilməsi, dövlət mülkiyyətinə məxsus əmlakın qanunsuz satılması, dövlət büdcəsinə ziyan vurulması, bələdiyyə büdcəsinə məxsus maliyyə vəsaitinin çatışmazlığı və bələdiyyənin maliyyə sənədlərinin gizlədilməsində günahlandırılıblar.

Görülən tədbirlər nəticəsində 116 min 560 manat məbləğində vəsaitin uçotdan yayınmasının qarşısı alınıb və həmin vəsait bələdiyyələrin balansına qaytarılıb.

Bələdiyyə rəhbərlərinin cinayət xarakterli hərəkətləri nəticəsində bələdiyyə mülkiyyətinə 253 min 639 manat məbləğində ziyan dəyib.

Səlimzadə bildirib ki, araşdırmalar zamanı bələdiyyələrin 301 hektar torpaq sahəsinin vətəndaşlara qanunsuz satdığı, 31 ha torpaq sahəsini qanunsuz istifadəyə verməsi və 1817 ha torpaq sahəsini qanunsuz icarəyə verməsi müəyyənləşib və həmin qərarlar Ədliyyə Nazirliyi tərəfindən ləğv olunub: "Bütövlükdə 2149 ha torpaq sahəsinin qanunsuz satılmasının qarşısı alınıb".

Mərkəzin rəhbəri 2006-cı illə müqayisədə 2007-ci ildə bələdiyyələrin fəaliyyətindən şikayətlərin artıdığını bildirib. Belə ki, 2006-cı ildə Ədldiyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı 1086 şikayət daxil olubsa, ötən il bu rəqəm 1649 təşkil edib.

Vətəndaşların əsas şikayətləri mülkiyyət hüquqlarının pozulması və onlara qanunla verilməli olan torpaq sahələrini əldə edə bilməmələri ilə bağlı olub.

2006-cı ildə bələdiyyələrlə bağlı 17 cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti