Azərbaycan, Bakı, 05 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasında mübarizə aparan Bakının "Neftçi" klubu "Olimpik"in büdrəməsindən maksimum yararlanacaq. "Olimpik"in son oyunlarda xal itirməsinə təəccüblənmək lazım deyil. Bu futboldur, istənilən komanda xal itirə bilər. Biz arxayınlaşmamalıyıq və qarşıdakı turlarda qələbə qazanmalıyıq", - bazar ertəsi Trend a "Neftçi" klubunun baş məşqçisi Anatoli Demyanenko deyib.
Demyanenko "Neftçi"nin baş məşqçi vəzifəsinə bu ilin qışında gətirilib. O Bakı klubuna gələnə kimi Ukraynanın "Dinamo" komandasının baş məşqçisi olub. Demyanenkodan əvvəl "Neftçi"yə çexiyalı Vlastimil Petrjela rəhbərlik edib.
Ukraynalı mütəxəssis deyib ki, Premyer-Liqada oyunlar başa çatan kimi komandanın güclənməsi məqsədi ilə mühüm addımlar atılacaq. "Komandamızda bəzi mövqelər var ki, ora mütləq yeni oyunçular dəvət olunmalıdır. Yeni gələnlərlə yanaşı, bəzi futbolçuların "Neftçi"dən gedəcəyi də istisna olunmur" - deyə Demyanenko əlavə edib.
"Neftçi"dən ayrılacağı gözlənilən futbolçulardan biri Romal Hüseynovdur. Gənc futbolçunun vaxtilə çıxış etdiyi "Bakı" klubuna qayıdacağı gözlənilir.
Demyanenkonun rəhbərlik etdiyi komanda hazırda Premyer-Liqada liderlik edən "Olimpik"dən 3 xal geri qalmaqla, 2-ci pillədə yer alıb.
"Neftçi" Premyer-Liqanın qalan 3 turunda "Xəzər-Lənkəran", "Qarabağ" və ABN-lə qarşılaşacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]