Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir C.Babayeva/ Əbu Bəkr məscidinin fəaliyyətinin bərpası təhqiqatların nəticəsindən asılıdır. Bu barədə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov bildirib.
"Məscidin açılması məsələsi peşəkar səviyyədə aparılan təhqiqatlar başa çatdıqdan sonra nəzərdən keçirilə bilər", - deyə o bildirib.
Bakıda avqustun 17-də, təqribən saat 20.50-də U.Bünyadzadə küçəsində yerləşən və Nərimanov rayon dindarlarının dini icmasının toplaşdığı Əbu Bəkr məscidində naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli xəsarət yetirilib. Məscidin fəaliyyəti müvəqqəti dayandırılıb. Məsciddə terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev də həbs olunub.
Oktyabrın sonunda Bakının Nərimanov rayon məhkəməsi məscidin fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarıb, lakin daha sonra bu qərar Əbu Bəkr məscidində təxribat təhlükəsinin olması barədə məlumatlara malik olan rayon Polis İdarəsinin iddiası əsasında dəyişdirilib.
Azərbaycanda 512 dini icma qeydiyyatdan keçib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]