Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir R.Ergün/ Güləş üzrə Azərbaycan yığma komandasının üzvü hesab edir ki, milliyə yeni baş məşqçinin təyin olunması bu sahənin inkişafına səbəb olacaq.
"Azərbaycan Güləş Federasiyası bu sahənin inkişafına çalışır. Yığma komandanın yeni baş məşqçisi Bəhram Mürvətovu yaxşı tanıyırıq. O, əvvəllər komandada baş məşqçinin köməkçisi olub. İnanıram ki, Mürvətovun rəhbərliyi altında daha böyük uğurlar qazanacağıq", çərşənbə günü Trend -a Yunan-Roma güləşi üzrə Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatını qazanmış Vitali Rəhimov deyib.
Mürvətov noyabr ayının 17-də keçirilən Güləş Federasiyasının 5-ci konfransında yığma komandanın baş məşqçisi təyin olunub.
Olimpiadanın gümüş mükafatçısı hesab edir ki, böyük uğurlar qazanmaq üçün daha çox işləmək lazımdır.
"Pekin Olimpiadasında dörd medal qazandıq. Bundan da böyük uğurlar qazanmaq üçün daha çox işləmək lazımdır. Federasiya idmançılara lazım olan dəstəyi verir. Biz də öz üzərimizdə işləyib uğurlarımızı davam etdirməyə borcluyuq".
Rəhimov məlumat verib ki, yığma komanda sabah təlim-məşq toplanışı keçmək üçün Gəncə şəhərinə yola düşəcək. İki həftəlik toplanışdan sonra güləşçilər Azərbacan çempionatında iştirak edəcək.
Azərbaycan güləşçiləri Pekin Olimpiadasında 4 medal qazanıb. Yunan-Roma güləşi üzrə milli komandanın üzvləri - Rövşən Bayramov və Vitali Rəhimov gümüş, Mariya Stadnik və sərbəst güləşçi Xetaq Qazyumov bürünc medala sahib çıxıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]