...

Azərbaycanda Qeyri-Hökumət Təşkilatları üçün elan edilən müsabiqənin nəticələri açıqlandı

Cəmiyyət Materials 3 Aprel 2009 12:10 (UTC +04:00)

Azərbaycan, Bаkı, 03 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu il üçün elan etdiyi maliyyə müsabiqəsində 226 layihə qalib elan olunub.

"Müsabiəqnin obyektiv aparılması üçün milli Qeyri-Hökumət Təşkilatları, dövlət orqanlarının və beynəlxalq təşkilatların nümayəndələri olan 19 nəfər ekspert iştirak edib", - cümə günü Trend Xəbərlər Şirkətində keçirilən tədbirdə Şuranın sədri, millət vəkili Azay Quliyev bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə elan olunan maliyyə müsabiqəsində iştirak etmək üçün Şuraya 569 QHT-dən layihələr təqdim olunub. "Bu QHT-lərin 212-si 2008-ci il maliyyə yardımı müsabiqəsində iştirak edib. 357 QHT isə müsabiqəyə ilk dəfə layihə təqdim edib", - Şura sədri əlavə edib.

Trend -un arayışı: Azərbaycan prezidenti Ilham Əliyev aprelin 16-da Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"yə uyğun olaraq, 11 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərəcək Şura üzvlərindən 3-ü dövlət orqanlarının nümayəndələrindən, 8-i isə Qeyri-Hökumət Təşkilatlarının irəli sürdüyü namizədlərdən təyin edilib.

Milli QHT Forumunun keçmiş prezidenti Azay Quliyev 2008-ci il aprelin 21-də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri seçilib.

2008-ci ildə Şuraya 365 təşkilat layihə ilə müraciət edib, 190 təşkilat müsabiqənin qalibi olub.

Quliyev deyib ki, 226 layihə üçün Şuradan ayrılan məbləğin ümumi həcmi 1 milyon 848 min manat təşkil edəcək. "Dünya Bankı ilə birgə "Gənclər və bərabər imkanlar" mövzusunda keçirilən qrant müsabiqəsinə Şuranın verdiyi maliyyə töhfəsi 20 min manat təşkil edəcək. 200 min manat isə il ərzində müxtəlif yerli və beynəlxalq miqyaslı tədbirlərin dəstəklənməsi üçündür", - Şura sədri qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti