...

MDB ölkələrində qanunsuz miqrasiyaya qarşı mübarizədə birgə əməkdaşlıq məsələləri müzakirə olunub

Cəmiyyət Materials 18 May 2009 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir, K. Zərbalıyeva /

Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin miqrasiya orqanlarının rəhbərləri qanunsuz miqrasiyaya qarşı mübarizədə birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, mayın 14-15-də MDB üzv dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurasının Kazanda keçirilən 5-ci iclasında üzv dövlətlərin miqrasiya sahəsində vəziyyətilə bağlı məlumatlar dinlənilib.

İclasda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna miqrasiya orqanlarının rəhbərləri, habelə MDB İcraiyyə Komitəsinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin, Avropa birliklərinin Rusiyadakı komissiyasının nümayəndələri iştirak ediblər.

Toplantıda Azərbaycanı Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov təmsil edib.

İştirakçılar "Əməkçi miqrantların MDB dövlətlərində əmək fəaliyyətini həyata keçirmələrinə dair mütəşəkkil cəlbetmə" konsepsiyası layihəsinə hazırlıq və üzv dövlətlərin miqrasiya orqanları arasında, həmçinin qanunsuz miqrasiyaya qarşı mübarizədə birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti