Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir T.Cəfərov/
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İrana səfər edəcək.
Bu il mayın sonu, iyunun əvvəllərində İranda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək və Azərbaycanın mədəniyyət və turizm naziri Əbulfəs Qarayev Tehrana səfər edəcək. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran Prezidentinin müşaviri və Mədəniyyət və İslam əlaqələri Təşkilatının rəhbəri Mehdi Mustəfəvi ilə görüşüb.
Görüşdə Axundov bildirib ki, bu il Novruz bayramında İrandan Azərbaycana 100 min nəfər gəlib.
"Heç bir sərhəd və coğrafi bölgü İran və Azərbaycan xalqlarını bir-birindən ayıra bilməz", - Axundov deyib.
Müstəfəvi iki ölkə arasında kitab, kino və turizm mədəniyyət həftəsinin keçirilməsini, həmçinin jurnalistlər üçün günlərin qeyd olunmasını təklif edib.