...

Azərbaycanda yaradılacaq yeni reyestrin köməyi ilə sahibkarlar aparılacaq yoxlamalardan əvvəlcədən məlumatlı olacaq - Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini (MÜSAHİBƏ)

Cəmiyyət Materials 10 İyun 2010 09:00 (UTC +04:00)
Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfovun Trend-ə müsahibəsi
Azərbaycanda yaradılacaq yeni reyestrin köməyi ilə sahibkarlar aparılacaq yoxlamalardan əvvəlcədən məlumatlı olacaq - Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfovun Trend-ə müsahibəsi

- Mehdi müəllim, Azərbaycan vətəndaşları biometrik pasportlarla nə vaxt təmin olunacaqlar? Bu sahədə hansı işlər görülür?

- Transmilli cinayətkarlıq, qanunsuz silah, narkotika alveri və digər bu kimi cinayətlərlə mübarizədə qabaqlayıcı tədbirlərin səmərəli olması üçün əksər dünya ölkələri bu sistemə keçir. Azərbaycanda milli biometrik eyniləşdirmə sisteminin yaradılması barədə Dövlət Proqramı qəbul olunub. Dövlət Proqramı çərçivəsində müvafiq qanunvericilik bazasının formalaşdırılması, informasiya sistemlərinin yaradılması, məlumatların təhlükəsizliyinin təmin olunması, yeni nəsil biometrik pasportların hazırlanması və verilməsi nəzərdə tutulub.

2012-ci ildən sonra Azərbaycan vətəndaşları köhnə pasportlarla Avropa ölkələrinə və Amerikaya gedə bilməyəcəklər. Azərbaycan vətəndaşları 2012-ci ilədək biometrik pasportlarla təmin olunacaq. Biometrik pasportların nümunələri müəyyən edilib və İsveçrənin "Trub" şirkəti tərəfindən hazırlanacaq. Azərbaycan vətəndaşlarına veriləcək yeni biometrik pasportlarda şəxsin üzünün və barmaqlarının rəqəmsal təsvirləri kimi biometrik məlumatlar əks olunacaq. Yeni nəsil pasportlarında hər bir şəxsin fərdi identifikasiya nömrəsi yerləşdiriləcək.

- Azərbaycan vətəndaşlarına verilən fərdi identifikasiya nömrəsində (FİN) hansı məlumatlar yerləşdirilib və şəxslər bu məlumatları necə əldə edə bilər?

- Fərdi identifikasiya nömrəsi - Dövlət Reyestrinə barəsində məlumat daxil edilən şəxsə müəyyən qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyənləşdirməyə imkan verən vahid təkrarolunmaz koddur. Şəxs barəsində məlumatlar yeniləndiyi təqdirdə, bu məlumatlar elektron bazada da yenilənir. Fərdi identifikasiya nömrəsinin verilməsi insanların birmənalı eyniləşdirilməsinə imkan yaradır. Bu ilin yanvarından əhaliyə fərdi identifikasiya nömrələrinin verilməsinə başlanılıb.

Azərbaycan vətəndaşları Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlər Reyestri Xidmətinə müraciət etməklə, fərdi identifikasiya nömrəsini (FİN) öyrənə bilər. Həmin şəxslər xidmətə müraciətlə şəxsiyyət vəsiqəsini təqdim etməklə FİN-i və barəsində toplanmış məlumatları əldə edə bilərlər. Mövcud qanunvericilik çərçivəsində həmin məlumatlarla şəxsin yaxın qohumları və digər hüquqi varisləri tanış ola bilərlər. Bu halda, həmin şəxslər məlumatların əldə olunmasını əsaslandırmalıdır.

Bu tədbirlər "Fərdi məlumatlar haqqında" qanuna və bu sahədəki qanunvericiliyə uyğun aparılır. Həmin qanunda qeyd olunub ki, Əhalinin Dövlər Reyestri Xidməti tərəfindən verilən fərdi identifikasiya nömrəsi respublikda vergilər, səhiyyə, sosial müdafiə nazirliklərində və digər qurumlarda əhali ilə bağlı informasiya resurslarında yerləşdiriləcək.

Elektron sistemin mühafizəsi ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Şəxsin FİN-i təsadüfi yolla başqasına məlum olduğu təqdirdə, həmin şəxs barəsində məlumatları əldə etmək mümkün olmamasını təmin etmək məqsədilə bu sistemin mühafizəsi gücləndirilir.

- Ölkə prezidenti Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin yaradılması ilə bağlı fərman imzalayıb. Həmin fərmanla bu işin həyata keçirilməsi Ədliyyə Nazirliyinə tapşırılıb. Bu istiqamətdə hansı işlər görülür?

- Sahibkarlıq sahəsində yoxlamalarin nizama salınmasi və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə ilə bağlı Prezident fərmanının icrası ilə bağlı müvafiq işlər aparılır. Vahid məlumat reyestrinin forması və aparılma qaydasının hazırlanması Ədliyyə Nazirliyinə tapşırılıb.

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılma qaydası ilə bağlı beynəlxalq təcrübə öyrənilir. Yeni sistem istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi, aparılan yoxlamalar zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrə uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədi daşıyır.

Bu sistem sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edəcək. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçiriləcək. Həmçinin, bu sistemin köməyi ilə sahibkarlar aparılacaq yoxlamalar barəsində əvvəlcədən məlumatlı olacaq. 2011-ci ildən Azərbaycanda bu sahədə vahid məlumat reyestrinin tətbiqinə başlanılacaq.

Xəbər lenti

Xəbər lenti