Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
"Azərbaycanda media məsələləri üzrə müvəkkilin səlahiyyətləri ombudsmana verilərsə, onun qərəzsiz, hüquqi, ədalətli bir qurum kimi fəaliyyət göstərməsinə çalışacam", - cümə günü jurnalistlərə ombudsman Elmira Süleymanova deyib.
"Bu işin öhdəsindən gəlməyə həyat və təşkilatçılıq təcrübəm imkan verir. Bəziləri deyir ki, işlərim çox olduğundan bu işin öhdəsindən gələ bilmərəm", - ombudsman bildirib.
Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin dekabrın 8-də keçirilən birgə iclasında informasiya məsələləri üzrə müvəkkillin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) verilməsi barədə dəyişikliyi nəzərdə tutan qanun layihəsi müzakirə olunub.
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" qanun layihəsi Parlamentə tövsiyə olunub.
Azərbaycanın Mətbuat Şurası cümə axşamı media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsinə etiraz edən bəyanat yayıb.
Süleymanova bildirib ki, bu səlahiyyət Ombudsman Aparatına verilərsə, əlavə ştatlar açılacaq və peşəkar jurnalistlər işə dəvət olunacaqlar.
"Ayrıca İnformasiya Ombudsmanı yaradılarsa, biz bu qurumla da sıx əməkdaşlıq edəcəyik. Bu səlahiyyət Ombudsmana verilərsə, tam yeni struktur kimi fəaliyyət göstərəcək", - Süleymanova deyib.