...

Prezident İlham Əliyev paytaxtda yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışında iştirak etmişdir (FOTO)

Cəmiyyət Materials 29 Dekabr 2010 23:30 (UTC +04:00)
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın müxtəlif yerlərində yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışında iştirak etmişdir, məlumatı AzərTAc dövlət informasiya agentliyi yaydı
Prezident İlham Əliyev paytaxtda yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışında iştirak etmişdir (FOTO)

Təfəruatlar və fotoşəkillər əlavə olunub

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın müxtəlif yerlərində yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışında iştirak etmişdir. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yaydı.

Dövlətimizin başçısı əvvəlcə Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində yerləşən yol qovşağı və tunelin açılışına gəldi.
İnşaatçılar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına qovşağın texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, tikintisinə 2010-cu ilin martında başlanılan tunel tipli yol qovşağı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sifarişi ilə inşa olunmuşdur. Avtomobil tuneli Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Qeyd olundu ki, tunelin ümumi uzunluğu 284 metr, eni 22,5 metr, hündürlüyü isə 5 metrdir. Tunelin qapalı hissəsinin uzunluğu 45 metr, giriş və çıxış yollarının uzunluğu 239 metrdir. Yan yolların uzunluğu isə 720 metrə çatır. Yol qovşağının Fətəli Xan Xoyski prospekti istiqamətində uzunluğu 560 metr, eni 7 metr, Koroğlu Rəhimov küçəsi istiqamətində isə uzunluğu 160, eni isə 24 metrdir.

Prezident İlham Əliyev tunelin inşa olunduğu ərazinin əvvəlki və tikintidən sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı. Bildirildi ki, inşaat işləri görülərkən bəzək məqsədi ilə ümumilikdə 4 min kvadratmetr qranit və mərmərdən istifadə edilmişdir. Ərazidə yaşıllıqlar salınmış, dekorativ ağac və gül kolları əkilmişdir. Tikinti zamanı burada 150-yə yaxın işçi çalışmışdır. Tuneldə avtomobillərin hərəkəti əks istiqamətli 6 zolaqda tənzimlənir. Tuneldə yağış və qrunt sularının axıdılması üçün drenaj xətləri də inşa olunmuş, müasir işıqlandırma sistemi qurulmuşdur.

Tunelin üzərində və yan yollarda paslanmayan metaldan istifadə olunmaqla konstruksiyalar qurulmuş, avtomobillərin sərbəst hərəkəti üçün istiqamətverici işarələr qoyulmuş, geniş piyada səkiləri salınmışdır.

Prezident İlham Əliyev yol qovşağı və tunelin açılışını bildirən lenti kəsdi.

İnşaatçılarla görüşən Prezident İlham ƏLİYEV onları təbrik edərək dedi:

-Bu tunelin açılışı münasibətilə sizə təşəkkürümü bildirirəm. Qısa müddət ərzində belə gözəl iş görmüsünüz. Bir ildən az müddətdə belə gözəl körpü-tunel tikilib və bu ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bunun çox böyük əhəmiyyəti vardır. Ancaq bu, işin bir hissəsidir, ondan sonra da işlər həyata keçiriləcək və beləliklə bütün bu zona artıq nəqliyyat baxımından ən yüksək standartlara cavab verəcəkdir. Əsas bu işlərdə keyfiyyət və əlbəttə ki, sürətdir. Hər iki məsələ burada həll olunub. Əminəm ki, burada bütün başqa işlər də eyni sürətlə və keyfiyyətlə görüləcəkdir.

Sizi qarşıdan gələn bayramlar münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.

Sonra dövlətimizin başçısı tunelin üst hissəsindən keçən yol qovşağına baxdı. Məlumat verildi ki, Fətəli Xan Xoyski prospektindən metronun "Nəriman Nərimanov" stansiyası və əks istiqamətdə hərəkət edən sürücülər tuneldən, Koroğlu Rəhimov küçəsinə çıxmaq istəyənlər isə üst hissədən istifadə edə bilərlər.

Bundan əlavə, Koroğlu Rəhimov küçəsindən gələn nəqliyyat vasitələri köməkçi yoldan istifadə etməklə metronun "Nəriman Nərimanov" stansiyası istiqamətində hərəkət edə, həmçinin tunelin üstündən əks istiqamətə dönmə əməliyyatı apara bilərlər.

Prezident İlham Əliyev yol qovşağı və tunelin tikintisi ilə bağlı görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Dövlətimizin başçısı İlham Əliyev sonra paytaxtın Nərimanov rayonunda Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən avtomobil tunelinin açılışında iştirak etdi.

İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, tikintisinə 2010-cu ilin aprelində başlanan tunel Koroğlu Rəhimov və Təbriz küçələri istiqamətində hərəkətin svetoforsuz tənzimlənməsinə xidmət edir. Bu isə öz növbəsində həmin yol kəsişməsində avtomobil tıxacının qarşısını alır. Tunel yerləşdiyi ərazinin ümumi görünüşü ilə uzlaşdırılmışdır. Tunelin içərisində və üstündə quraşdırılan işıq dirəkləri yol ötürücüsünün həm gözəl görünüşünə, həm də hərəkətin tənzimlənməsinə imkan yaradır.

Tunelin sağ və sol tərəflərində salınmış yardımçı yollar da müasir standartlara cavab verir.

Prezident İlham Əliyev tunelin inşa olunduğu ərazinin əvvəlki və tikintidən sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı. Bildirildi ki, tikinti zamanı burada 100-ə yaxın işçi çalışmışdır. Tunelin ümumi uzunluğu 274 metrdir. Örtülü hissəsinin uzunluğu 26 metr, hündürlüyü 5 metr, eni isə 17,5 metrdir. Tunelin tikintisinə daxil olan yan yolların uzunluğu 1012 metr, eni 5,5 metr, giriş yollarının uzunluğu isə 430 metrdir. Tuneldə avtomobillərin hərəkəti əks istiqamətli 4 zolaqda tənzimlənir. Yan yollarla birlikdə hərəkət 6 zolaqlıdır.

Tuneldə yağış və qrunt sularının axıdılması üçün drenaj xətləri də inşa olunmuş, yüksək səviyyədə işıqlandırma sistemi qurulmuşdur. Tunelin üzərində paslanmayan metaldan dekorativ konstruksiyalar qurulmuş, ətrafda yaşıllıqlar salınmış, ağac və kollar əkilmiş, avtomobillərin sərbəst hərəkəti üçün istiqamətverici işarələr qoyulmuş, rahat piyada səkiləri salınmışdır. Tunelin tikintisində ümumilikdə 5800 ton asfalt və 9 min kubmetr beton qarışığından istifadə olunmuşdur.

Prezident İlham Əliyev Heydər Əliyev prospekti, Koroğlu Rəhimov küçəsi və Xətai prospekti arasında avtomobillərin sərbəst və təhlükəsiz hərəkətinin təmin olunması üçün təklif edilən yeni yolun planına, həmin ərazidə tikintisi başa çatmaq üzrə olan və inşası nəzərdə tutulan yolların sxeminə baxdı, tapşırıq və tövsiyələrini verdi.

Dövlətimizin başçısı tunelin açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev paytaxtın Xətai rayonunda avtomobillərin və piyadaların daha sıx olduğu Yusif Səfərov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində yeni inşa olunan tunellərin açılış mərasimində də iştirak etdi.

Nəqliyyat Naziri Ziya Məmmədov tunellərin texniki göstəriciləri ilə tanış olan dövlətimizin başçısına məlumat verdi ki, Yusif Səfərov küçəsinin altından keçən piyada keçidi "Tunel-1" ilə Mehdi Mehdizadə küçəsinin altından keçən piyada keçidi "Tunel-2" bir-birinə bitişikdir.

Prezident İlham Əliyev inşaatçılarla görüşdü, onları keçidlərin açılışı münasibətilə təbrik etdi. Dövlətimizin başçısı qeyd etdi ki, paytaxt Bakıda böyük işlər görülür.

Bu ərazidə məktəb, xəstəxana və digər inzibati binaların olması piyada keçidlərinin əhəmiyyətini artırır. Yusif Səfərov küçəsi də genişləndirilmişdir. İnşa olunan keçidlər ən müasir standartlara cavab verir. Prezident İlham Əliyev dedi ki, bütün bunlar insanların rahatlığına yönəlmişdir.

Prezident İlham ƏLİYEV sonra dedi:

Bakının bütün keçidləri, eyni zamanda, memarlıq əsərləridir. Belə də olmalıdır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və Bakıda nəqliyyat infrastrukturu ən yüksək səviyyədə olmalıdır. Çox şadam ki, bütün bu gözəl işləri Azərbaycan şirkətləri görür. Artıq Azərbaycan şirkətləri nəinki ölkənin nəqliyyat sektorunda, xaricdə də işləyirlər.

Prezident İlham Əliyev bir daha paytaxt sakinlərini və inşaatçıları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdi.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi.

Prezident İlham Əliyevin Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tapşırıqlarına uyğun olaraq tunellərin tikintisinə bu ilin fevral ayında başlanılmışdır. Respublika Perinatal Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası və Ali Məhkəmənin bu ərazidə olması, Yusif Səfərov və Mehdi Mehdizadə küçələrində nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətli olan tunellərin tikinti işləri müasir texniki üsullardan istifadə etməklə yüksək səviyyədə aparılmışdır. İnşaat işlərində 50-yə yaxın işçi çalışmışdır. Üç giriş-çıxışı olan keçidlərin tikintisində yerli və xarici inşaat materiallarından istifadə olunmuşdur.

Prezident İlham Əliyevə məlumat verildi ki, tunellərin örtülü hissəsinin ümumi uzunluğu 136 metrdir. Yusif Səfərov küçəsinin altından keçən piyada keçidinin uzunluğu 76 metr, Mehdi Mehdizadə küçəsinin altından keçən piyada keçidinin uzunluğu isə 50 metrdir. Hər iki tunelin eni 5, hündürlüyü isə 3 metrdir. Keçidlərdə təhlükəsizlik kameraları quraşdırılmışdır. Keçid piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, paytaxtın bu hissəsinin memarlıq ansamblına da yaraşıq verir.
Görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı paytaxtda yenidənqurma tədbirləri zamanı keyfiyyətin və müasirliyin başlıca meyar kimi götürülməsinin zəruriliyini vurğuladı.

Daha sonra Prezident İlham Əliyev Neftçilər prospekti, 135 ünvanında inşa olunan yeraltı piyadakeçidinin açılışında iştirak etdi.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, yeraltı piyada keçidinin inşasına bu ilin fevralında başlanılmışdır.

Foto - Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi
 

Xəbər lenti

Xəbər lenti