...

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın edən hərbçilərin işi sabah məhkəməyə veriləcək - prokuror

Cəmiyyət Materials 11 Yanvar 2011 16:25 (UTC +04:00)
Prokuror bildirib ki, cinayətlə bağlı müəyyən məlumatlar toplandıqdan və bəzi istintaq hərəkətləri yekunlaşandan sonra cinayət işi aidiyyəti üzrə Qazax hərbi prokurorluğuna veriləcək.
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın edən hərbçilərin işi sabah məhkəməyə veriləcək - prokuror

Azərbaycan, Bakı 11 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Ağstafa rayonunda hərbçilərin yanacaqdoldurma məntəqəsinə silahlı basqını faktı ilə bağlı başlanmış cinayət işi hərbi prokurorluğa veriləcək. Bu barədə Trend-ə Ağstafa rayon prokuroru Mübariz Nəcəfov məlumat verib.

Prokuror bildirib ki, cinayətlə bağlı müəyyən məlumatlar toplandıqdan və bəzi istintaq hərəkətləri yekunlaşandan sonra cinayət işi aidiyyəti üzrə Qazax hərbi prokurorluğuna veriləcək.

Nəcəfov bildirib ki, barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün saxlanılan şəxslər sabah məhkəməyə çıxarılacaqlar.

Yanvarın 10-da gecə saatlarında Ağstafa rayonunun Qırlı kəndi ərazisində Mikayıl Əsədova məxsus yanacaqdoldurma məntəqəsinə N saylı hərbi hissənin kiçik çavuşu Əsgərov Sahib Əsgər oğlu, əsgərlər Mehdiyev Sənan Rza oğlu və Ağayev Ulduz Əbilağa oğlu tərəfindən silahlı hücum edilib. Hərbçilər orada operator işləyən Məmməd Məmmədova avtomat silahdan atəş açaraq onu qətlə yetiriblər.

Prokuror bildirib ki, hadisə tamah məqsədilə törədilib. Onun sözlərinə görə, qətlə yetirilən Məmmədov basqınçılardan birinin həmkəndlisi olub və onlar arasında münaqişə olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işinin başlandığını deyən prokuror istintaqın sonrakı gedişində təqsirləndirilənlərin əməllərinin Cinayət Məcəlləsinin hərbi hissəni özbaşına tərketmə, quldurluq və digər maddələri ilə tövsif olunacağını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti