...

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 cinayətkar dəstə zərərsizləşdirilib

Cəmiyyət Materials 15 Yanvar 2011 13:55 (UTC +04:00)
Dövlət Gömrük Komitəsindən (DGK) şənbə günü Trend-ə verilən məlumata görə, gömrükçülər tərəfindən 2010-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 cinayətkar dəstə aşkar olunaraq zərərsizləşdirilib.
Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 cinayətkar dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda transmilli və mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq halları çoxalıb.

Dövlət Gömrük Komitəsindən (DGK) şənbə günü Trend-ə verilən məlumata görə, gömrükçülər tərəfindən 2010-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 cinayətkar dəstə aşkar olunaraq zərərsizləşdirilib.

Ötən il Azərbaycan və İran vətəndaşları tərəfindən Azərbaycan ərazisindən hava nəqliyyatı ilə (Bakı - İstanbul, Bakı - İstanbul - Kuala-Lumpur, Bakı - Moskva - Banqkok aviareysləri ilə) digər ölkələrə metamfetamin maddəsinin qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdlə bağlı 4 fakt aşkar edilib, 17 kq 272 qram güclü təsirə malik metamfetamin psixotrop maddəsi qanunsuz dövriyyədən çıxarılıb.

DGK-nın və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 17 iyul 2010-cu il tarixdən 17 sentyabr 2010-cu il tarixədək olan müddətdə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində beynəlxalq poçt göndərişləri vasitəsilə Kanada, İsveç və Yunanıstana göndərilməsi nəzərdə tutulmuş, gömrük nəzarətinin çətinləşdirilməsi məqsədilə narkoqaçaqmalçılar tərəfindən xüsusi hazırlanmış 24 ədəd poçt bağlamalarından və bu narkokanalın təşkilatçıları olan şəxslərin yaşadığı ünvanlardan 16 fakt üzrə ümumi çəkisi 39 kq 25 qram narkotik vasitə, 1 ədəd PSM sistemli "Makarov" tipli tapança və onun patronları, eləcə də cinayətin hazırlanması üçün istifadə olunan müxtəlif alət və vasitələr aşkar olunaraq götürülüb.

Qeyd olunan narkokanalın təşkilatçılarından və transmilli mütəşəkkil cinayətkar dəstənin üzvlərindən olan İran vətəndaşı Ezzataddin Mostafavi və Azərbaycan vətəndaşı Elçin Cəfərov barəsində cinayət işi qaldırılmaqla həbs olunublar.

2010-cu ildə aşkar olunmuş faktların və əməliyyat məlumatlarının təhlili narkoqaçaqmalçıların İran-Azərbaycan-Rusiya marşrutu ilə yanaşı, ölkə ərazisindən istifadə etməklə Kanada, Tailand, Malayziya, Yunanıstan, İsveç və digər ölkələrə də narkotik ötürülməsində istifadəyə cəhd göstərdiklərini təsdiq edir.

Ötən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 147 fakt aşkar olunub ki, bu da 2009-cu illdəki göstərici ilə müqayisədə 2,26 dəfə çoxdur.

2010-cu ildə 319 kq 98 qramdan çox narkotik, o cümlədən, 224 kq 288 qramdan çox həşiş, 42 kq 850 qram heroin, 34 kq 47 qram tiryək, 28,6 qrama yaxın marixuana, 17 kq 272 qram metamfetamin maddəsi, 574 qrama yaxın psixotrop maddə (ampul, kapsul və həb şəklində), 7,6 qram metadon qanunsuz dövriyyədən götürülüb. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 142 nəfəri kişi, 16 nəfəri qadın olmaqla, ümumilikdə 158 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutulan şəxslərin 123-ü Azərbaycan, 32-si İran, 2-si Rusiya, 1-i Gürcüstan vətəndaşları olub.

Hesabat ilində narkotik axtarışı üzrə kinoloji itlərin tətbiqi nəticəsində 11 fakt aşkar olunub və narkoqaçaqmalçılardan 10 kq 429 qram narkotik götürülüb.

Narkotiklər 18 halda daxili orqanlardan (mədə, düz bağırsağ və qadın cinsiyyət orqanlarından), 16 halda müxtəlif heyvan fiqurlarının içərisindəki xüsusi düzəldilmiş gizli yerdən, 7 halda ikiqat içlikli çamadanlardan, 3 halda şəkil və qapı çərçivələrindən aşkar olunmuş, bununla yanaşı yapışqanlı lentlə bədənin (o cümlədən, azyaşlı uşaqların bədəninin) müxtəlif hissələrinə bağlamaqla, divar saatında, təkər içərisində, yanacaq çənində, samovar borusunda, siqaret qutusunda, ayaqqabı dabanında, mobil telefonun içərisində, şirə qutusunda, avtomobillərin müxtəlif hissələrində, müxtəlif yüklərin içərisində, paltarlara hopdurmaqla və digər üsullarla keçirməyə cəhdlərin qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti