...

Azərbaycanda yol polislərinin fəaliyyəti ilə bağlı tədbirlər planı hazırlanıb

Cəmiyyət Materials 27 Yanvar 2011 12:39 (UTC +04:00)
Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsi yol polisi əməkdaşlarına hərəkət iştirakçıları ilə etik davranış qaydalarına riayət etmələri və nəqliyyat vasitələrini əsassız saxlamamaları ilə bağlı tapşırıqlar verib.
Azərbaycanda yol polislərinin fəaliyyəti ilə bağlı tədbirlər planı hazırlanıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsi yol polisi əməkdaşlarına hərəkət iştirakçıları ilə etik davranış qaydalarına riayət etmələri və nəqliyyat vasitələrini əsassız saxlamamaları ilə bağlı tapşırıqlar verib.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, DİN-in ötən ilin yekunları ilə bağlı kollegiya iclasında yol polisinin fəaliyyətinə dair söylənilən fikirlərdən sonra Baş İdarə tərəfindən xüsusi tədbirlər planı hazırlanıb.

Azərbaycanın daxili işlər naziri Ramil Usubov bəzən yol patrul xidmətinin əməkdaşları tərəfindən vətəndaşların əsassız olaraq incidilməsi ilə bağlı faktlara rast gəlindiyini bildirib.

"Yol patrul xidmətinin əməkdaşları tərəfindən bəzən vətəndaşların əsassız olaraq incidilməsi ilə bağlı faktlara rast gəlinir. Bunun qarşısı mütləq alınmalıdır. Bu hallara son qoyulmalıdır", - Usubov 2010-cu ilin yekunlarına dair keçirilən kollegiya iclasında bildirib.

DİN-in Dövlət Yol Polisi İdarəsinin rəhbəri Ramiz Zeynalovun çıxışına münasibət bildirən nazir əlavə edib ki, sürücülər bəzən yol patrul xidmətinin əməkdaşlarının gözü qarşısında yol hərəkət qaydalarını kobud şəkildə pozurlar.

"Amma yol polisləri bu filankəsin qohumudur əsası ilə qanun pozuntularına göz yumurlar. Bu hallara ciddi fikir verilməlidir. Qanun pozuntusu varsa, cəzalandırılmalıdır, pozuntu yoxdursa, vətəndaşlar incidilmələidir", - Usubov əlavə edib.

"Tədbirlər planında maarifləndirmə və təbliğat işinin gücləndirilməsi qeyd olunub, etik davranış qaydalarına diqqət yetirilməsi, nəqliyyat vasitələrinin əsassız saxlanılmaması, qayda pozuntularına yol verən sürücülərə qarşı loyal münasibət bəslənilməməsi, qaydaları pozan yol hərəkəti iştirakçılarının cəzalandırılması tapşırılıb. Nazirin tapşırıq və göstərişləri bütün yol patrul inspektorlarının nəzərinə çatdırılıb", - Əliyev vurğulayıb.

Şöbə rəisi bildirib ki, Baş İdarəyə yol polisi əməkdaşlarının fəaliyyəti ilə bağlı müraciətlər kifayət qədərdir.

Onun sözlərinə görə, şikayətlərin böyük əksəriyyəti yol polisi əməkdaşlarının sürücülərə qarşı kobud davranması ilə bağlıdır. Əsas şikayətlər yol polisi inspektorlarının özlərini təqdim etməmələri, nizamnaməyə uyğun salamlaşmamaları ilə bağlıdır.

"Həmin müraciətlər qayda pozuntusu baş verəndən 15-20 gün sonra edilir. Bu müraciətləri araşdıranda məlum olur ki, sürücülərin məqsədi inzibati məsuliyyətdən yayınmaqdı. Onlar fikirləşirlər ki, qayda pozuntusuna görə yüngül cəza alacaqlar. Lakin sürücülük vəsiqəsini alanda bal yazıldığını, ya da sürücülük hüququnun məhdudlaşdırıldığını bilirlər və bu halda məsuliyyətdən yayınmaq üçün şikayət etməyə məcbur olurlar. Belə şikayətlər olarsa, sürücülər daha operativ - 2-3 gün müddətində müraciət etməlidirlər", - şöbə rəisi deyib.

O, qeyd edib ki, yol polisi əmədaşları özünü təqdim edəndən və sürücüyə saxlanmasının səbəbini bildirəndən sonra ondan sənədlərini tələb etməlidir.

Əliyevin sözlərinə görə, bəzi hallarda sürücülər avtomobilin içində sənədlərini göstərsələr də, onları yol polis inspektoruna verməkdən boyun qaçırırlar.

"Qanunda tələb olunan sənədlərin təqdim olunması sürücünün borcudur. Əgər sürücü ona qarşı tətbiq olunan cəzadan və barəsində tərtib olunan protokoldan narazıdırsa, hüquqlarının müdafiəsi ilə bağlı nizami hissənin rəhbərliyinə və ya məhkəməyə müraciət etmək hüququna malikdir", - şöbə rəisi deyb.

Əliyev şikayətlərin sayının çoxalmasında yol polisi əməkdaşlarının təqsirini də istisna etmir.

"Müraciətlərin bir qismi inspektorların sürücü ilə kobud danışması, ona hüquqlarının düzgün izah olunmaması səbəbindən yaranır. Əgər inspektorlar sürücülərə hüquqları yerində düzgün izah etsələr, onlarla kobud danışmasalar, bu şikayətlər də yaranmaz", - şöbə rəisi deyib.

O, qeyd edib ki, şəhərin bir çox ərazilərində quraşdırılan nəzarət kameraları vasitəsilə sürücülərlə yol polisi əməkdaşları arasında yaranan mübahisələrə aydınlıq gətirmək mümkün olur.

"Əgər inspektorların sürücülərə qarşı kobudluğu, onların hüquqlarını pozması bu kameralar vasitəsilə aşkar edilərsə, belə inspektorlar barəsində müvafiq tədbirlər görülür. Belə faktlar olub və inspektorlar cəzalandırılıblar", - Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti