...

Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin ətraf mühitə təsirinin aradan qaldırılması üçün Tədbirlər Planı hazırlanıb

Cəmiyyət Materials 19 Mart 2011 10:39 (UTC +04:00)
"Azəralüminium" ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin (İS) fəaliyyəti nəticəsində əmələ gəlmiş alunit və boksit tullantılarının ətraf mühitə zərərli təsirinin aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kompleks Tədbirlər Planını Nazirlər Kabinetinə təqdim edib.
Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin  ətraf mühitə təsirinin aradan qaldırılması üçün Tədbirlər Planı hazırlanıb

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir M.Əliyev/

"Azəralüminium" ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin (İS) fəaliyyəti nəticəsində əmələ gəlmiş alunit və boksit tullantılarının ətraf mühitə zərərli təsirinin aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kompleks Tədbirlər Planını Nazirlər Kabinetinə təqdim edib.

Nazirliyin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2002-ci ildən başlayaraq müəssisədə müvafiq araşdırmalar aparılıb, müəssisənin fəaliyyəti zamanı "Ətraf mühitin mühafizəsi haqqında" və "İstehsalat və məişət tullantıları haqqında" qanunların müvafiq tələbləri pozulduğuna görə İS rəhbərliyinə qarşı dəfələrlə inzibati qaydada tədbirlər görülüb və çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilib.

Lakin müəssisə rəhbərliyinin təbiətə, ətraf mühitin mühafizəsinə laqeyd münasibəti nəticəsində göstərişlərin icrası öz həllini tapmayıb.

Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq, İS-nin fəaliyyəti nəticəsində əmələ gəlmiş alunit və boksit tullantılarının ətraf mühitə zərərli təsirinin aradan qaldırılması ilə bağlı Kompleks Tədbirlər Planının layihəsinin hazırlanması üçün Fövqəladə Hallar Nazirliyində işçi qrup yaradılıb. İşçi qrupun tərkibinə Fövqəladə Hallar, Sənaye və Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, həmçinin "Azəralüminium" ASC-nin, Cəncə Gil-Torpaq İS-nin, Azərbaycan Milli Elmlər Akademiyasının və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri daxil edilib.

İS-nin fəaliyyəti nəticəsində əmələ gəlmiş alunit və boksit tullantılarının ətraf mühitə zərərli təsirinin azaldılması və aradan qaldırılmasına dair Kompleks Tədbirlər Planı İşçi qrup tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

1966-cı ildə fəaliyyətə başlamış Gəncə Gil-Torpaq İstehsalat Sahəsində Daşkəsən rayonunun Zəylik mədənindən gətirilmiş alunit filizindən istifadə edilib və istehsalat prosesi zamanı il ərzində əmələ gələn 2 milyon ton şlamın yığılması məqsədilə müəssisənin ərazisində ümumi sahəsi 159 hektar olan 2 ədəd şlam hovuzu tikilərək istismara verilib.

İllər keçdikcə müəssisənin fəaliyyətində yaranan bir sıra çətinliklərə, o cümlədən ətraf mühiti çirkləndirdiyinə görə, müəssisədə alunit filizinin emalı getdikcə azaldılıb, 1997-ci ildən isə tamamilə dayandırılıb.

1976-cı ildə müəssisədə istehsal gücü ildə 450 min ton boksit filizinin emalı xətti işə salınıb və xarici ölkələrdən (Qvineya və Hindistan) idxal olunan boksitin emalına başlanılıb. Emal prosesi zamanı ildə 500 min tona qədər boksit şlamının əmələ gəldiyi nəzərə alınaraq müəssisə tərəfindən alunit şlamı hovuzlarının yanında sahəsi 82 hektar olan 3-cü hovuz hazırlanıb istifadəyə verilib. 1998-ci ildən isə müəssisə boksit şlamını 2-ci alunit hovuzunda yerləşdirməyə başlayıb.

Hazırda müəssisənin alunit şlamı hovuzlarında, ümumilikdə, 12 milyon 730 min ton alunit tullantı şlamı, boksit şlamı hovuzunda isə 8 milyon 843 min ton boksit tullantı şlamı yığılıb qalıb.

2008-ci ildə dünyada baş verən maliyyə böhranı səbəbindən alüminium oksidinin dünya bazarında qiymətinin ucuzlaşması nəticəsində 2009-cu ildən gil-torpaq sexlərinin işi tamamilə dayandırılıb və bu günə qədər də fəaliyyət göstərmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin ərazisində araşdırma və monitorinqlər keçirilir.

Xəbər lenti

Xəbər lenti