Azərbaycan, Bakı, 31 may /Trend/
Avropa Şurasının İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyası Azərbaycana dair yeni məruzə dərc edib. Komissiya sədri Nils Muyjnieksin dediyinə görə, ölkədəki yaxşılaşmaya baxmayaraq, qeydiyyata alınmamış dini qruplar və beynəlxalq müdafiə axtaran şəxslərin vəziyyəti kimi bəzi sahələrdə bir sıra problemlər hələ qalmaqdadır.
Məruzədə bildirilir ki, əmək miqrantları ilə bağlı inzibati prosedurların sadələşdirilməsi üçün Dövlət Miqrasiya Xidməti və miqrantlara universal xidmət üçün məntəqələr yaradılıb.
Hakimiyyət həmçinin Miqrasiya Məcəlləsi də hazırlayır. Qaçqınların sosial hüquqlardan istifadəsinin yaxşılaşdırılması üçün tədbirlər görülüb və hakimiyyət vətəndaşlığı olmayan şəxslərin üzləşdikləri problemlərin həlli ilə bağlı işlərin yerinə yetirilməsinə başlayıb. Habelə hakimiyyət əhalinin zəif qruplarına məxsus şəxslərin tibbi yardıma çıxışının yaxşılaşdırılmasına doğru addımlar da atıb.
Eyni zamanda qeyd olunur ki, dini icmalara münasibətdə bəzi məhdudlaşdırıcı qaydalar sərtləşdirilib.
Komissiya öz məruzəsində bir sıra tövsiyələr verib ki, onların arasında üçünün birinci növbədə həyata keçirilməsi tələb olunur və onlara iki il ərzində yenidən baxılacaq: dini icmaların qeydiyyatının başa çatdırılması, Miqrasiya Məcəlləsinin qəbul edilməsi, məhkəmə sistemindəki ayrı-seçkiliyin aşkar edilməsi və onunla mübarizə üçün İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyası mandatı çərçivəsində meyarlara bölməklə məlumatların toplanması sisteminin yaradılması.