...

DSMF: Azərbaycanda pensiya islahatlarının maliyyələşdirilməsinə 6 ay ərzində 200 milyon manat sərf olunacaq

Cəmiyyət Materials 29 İyul 2011 14:19 (UTC +04:00)
Hazırda uğurla icra olunan əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanması nəticəsində 900 min nəfərə yaxın əmək pensiyaçının pensiyası orta hesabla 40 faiz artırılıb.
DSMF: Azərbaycanda pensiya islahatlarının maliyyələşdirilməsinə 6 ay ərzində 200 milyon manat sərf olunacaq

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Hazırda uğurla icra olunan əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanması nəticəsində 900 min nəfərə yaxın əmək pensiyaçının pensiyası orta hesabla 40 faiz artırılıb. Bununla da bütün pensiyaçılar yoxsulluq səviyyəsindən yuxarı olan pensiya almağa başlayıblar. Bunu cümə günü Trend-ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulmasına, ilk növbədə, keçmiş sovet dönəmindən qalmış pensiya sisteminin bazar iqtisadiyyatı ilə uyğunsuzluq yaratdığı çoxsaylı problemlərin aradan qaldırılmasına imkan verib. Sosial müdafiənin Azərbaycan modelinin əsas cəhəti ondan ibarətdir ki, bu proses digər keçid dövrü ölkələrində olduğu kimi, "şok" effekti ilə deyil, əvvəlki sistemlə əhatə olunmuş insanların davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə mərhələlərlə tam inteqrasiyası yolu ilə reallaşdırılıb", - Babayev deyib.

Onun sözlərinə görə, ölkəmizdə 2006-cı ildən tətbiq olunan sığorta-pensiya modeli müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir və bu sahədəki islahatlar nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən çox yüksək qiymətləndirilir.

"Yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib. Bu mexanizm çərçivəsində ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanıb. Ötən 5 ildə Azərbaycan Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 5 sərəncam imzalanıb. Nəticədə, yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb. Eyni zamanda, 25 il elmi-pedaqoji fəaliyyət göstərərək işləməyən elmlər doktorunun pensiyasına 200 manat, elmlər namizədinin pensiyasına isə 120 manat əlavə edilib ki, bununla da həmin şəxslərin pensiyasının məbləği işləyərkən aldıqları əməkhaqqına çatdırılıb. Ümumilikdə bu tədbirlərin maliyyələşdirilməsinə qarşıdakı 6 ay ərzində 200 milyon manat vəsait sərf olunacaq", - DSMF rəsmisi deyib.

Babayev bildirib ki, pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə, əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də problem olaraq qaldığı bir şəraitdə, ölkəmizdə bu prosesin tam gerçəkləşdirilməsi qeyd olunan sahədə əsl nümunədir.

Xəbər lenti

Xəbər lenti