...

Azərbaycan gənclərinin Avropaya inteqrasiyasının asanlaşdırılması müzakirə olunub

Cəmiyyət Materials 22 Avqust 2011 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bazar ertəsi Avropa Gənclər Kartı Assosiasiyasının idarəetmə heyətinin prezidenti Jarkko Lehikoin ilə Avropa Gənclər Kartının Azərbaycanda inkişaf potensialı, gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məsələlərini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə nazir kartın gənc nəsil üçün önəmli rol oynayacağını qeyd edib.

"Azərbaycan gəncləri ilə Avropa gəncləri arasında əsas fərq ondan ibarətdir ki, Avropalı gənclərin digər ölkələrə getmələri üçün heç bir sərhəd yoxdur. Onlar qatarla çox da baha olmayan qiymətlərə müxtəlif Avropa ölkələrinə gedə bilərlər. Azərbaycan gənclərinin Avropa ölkələrinə yalnız təyyarə ilə getmələrini nəzərə alsaq, bu elə də ucuz başa gəlmir. İstərdim ki, bu kart gənclər üçün təhsil, texnika və müxtəlif sahələrdə yararlı olsun", - Rəhimov deyib.

Nazir eyni zamanda Bakının 2015-ci ildə Avropanın Gənclər paytaxtı olması təklifinin irəli sürüldüyünü və bu nüansı nəzərə alaraq, bu kart vasitəsi ilə Azərbaycan və Avropalı gənclərin daha da yaxınlaşacaqlarını, onların müxtəlif layihələrdə birgə iştiraklarına şərait yaranacağını bildirib.

Lehikoin kartın istifadəçilərindən danışarkən onların Avropa ölkələrində əsasən aktiv tələbələr olduğunu, lakin buna baxmayaraq, digər gənclərin də kartla təmin edildiyini diqqətə çatdırıb. O, Avropanın müxtəlif ölkələrində kartın istifadə və tətbiq qaydalarından da danışıb.

Avropa Gənclər Kartı 30 yaşa qədər olan gənclər üçün Avropa miqyasında mədəniyyət, səyahət, otel, mal və xidmətlər sahəsində 80 min xidmət növünə endirim və güzəştlərdən yararlanmağa imkan verən sistemdir. Bu kart EYCA-nın (European Youth Kart Assosiation) 40 üzv təşkilatı tərəfindən dünyanın 37 ölkəsində buraxılıb və razılıqla qarşılanıb, dünya üzrə 4 milyondan çox kart daşıyıcısı tərəfindən istifadə olunur.

Azərbaycan Avropa Gənclər Kartı Assosiasiyasına 2010-cu ilin martında qoşulub.

Xəbər lenti

Xəbər lenti