...

Naxçıvanda qədim insanların həyat tərzi ilə bağlı yeni faktlar aşkarlanıb

Cəmiyyət Materials 7 Sentyabr 2011 18:02 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Şərur rayonu ərazisində yerləşən Ovçulartəpəsi qədim yaşayış yerində məskunlaşan qədim insanların həyat tərzi ilə bağlı yeni faktlar aşkarlayıb.
Naxçıvanda qədim insanların həyat tərzi ilə bağlı yeni faktlar aşkarlanıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Şərur rayonu ərazisində yerləşən Ovçulartəpəsi qədim yaşayış yerində məskunlaşan qədim insanların həyat tərzi ilə bağlı yeni faktlar aşkarlayıb.

Akademiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, yeni tapıntılar institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə Naxçıvan arxeoloji ekspedisiyasının apardığı qazıntı işləri zamanı üzə çıxıb.

Araşdırmalar zamanı e.ə. V minilliyin sonunda burada məskunlaşan insanların dördkünc formalı yarımqazma tipli evlərdə yaşadıqları, daha sonra isə təpə qazaraq səki şəklində çoxotaqlı evlər tikdikləri müəyyən edilib.

Coxotaqlı evlər həyətlərin ətrafında toplanıb, onların yaxınlığında isə təsərrüfat anbarları tikilib. Bununla belə, hər bir evin özünə aid təsərrüfat küpləri, quyuları və iş yerləri olub. Ərazidə aparılan geniş tədqiqatlar zamanı məlum olub ki, torpaq axınının qarşısını almaq üçün iri daşlardan dəstək divarları da inşa edilib.

Aparılan qazıntılar zamanı körük ucluğunun aşkar olunması bu yaşayış yerinin əsas metalişləmə mərkəzlərindən biri olduğunu deməyə imkan verir. Aparılan araşdırmalar Ovçular təpəsində cəmiyyətin qəbilə icmasının dağılması ərəfəsində olduğunu göstərir.

Arxeoloji qazıntılar sentyabrın 20-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti