...

Azərbaycanda bu il 623 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəməyə təqdim edilib

Cəmiyyət Materials 22 Noyabr 2011 10:33 (UTC +04:00)
Azərbaycanda bu ilin 10 ayı ərzində 623 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəməyə təqdim edilib.
Azərbaycanda bu il 623 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəməyə təqdim edilib

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Azərbaycanda bu ilin 10 ayı ərzində 623 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəməyə təqdim edilib, habelə 25 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı ölkənin rəsmi mətbuatı sayılan "Azərbaycan" qəzetində nəşr olunan yazısında ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.

"Eyni zamanda, hesabat dövründə bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 3300 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunub", - Məmmədov bildirib.

Onun sözlərinə görə, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən yerli özünüidarə orqanlarına metodoloji yardımın göstərilməsi, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi işinin təkmilləşdirilməsi məqsədilə bələdiyyə üzləri ilə 30-dan çox zona seminarı keçirilib. 3500-ə yaxın bələdiyyə üzvü və bələdiyyə quluqçusu ixtisasartırma kurslarına cəlb edilib. Həmçinin, bu il ərzində inzibati nəzarət qaydasında 30 mindən çox bələdiyyə aktı yoxlanılıb, onlardan 816-sı nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib.

Nazir, həmçinin qeyd edib ki, məhkəmə qərarlarının icrasının təmin edilməsində xüsusi rolu olan nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunması ilə bağlı bu ilin 10 ayı ərzində 162 cinayət işinin istintaqı tamamlanıb.

"Nazirliyin Məhkəmə-Ekspertizası Mərkəzinə bu il 16 mindən çox iş daxil olub ki, onlardan da 92 faizi icra olunub, ekspertlər qarşısında qoyulmuş 210 mindən çox sual cavablandırılıb, məhkəmə-istintaq orqanlarına metodiki yardım məqsədilə 9 vəsait hazırlanıb, habelə 230 profilaktik sənəd göndərilib", - nazir deyib.

Bu gün Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günüdür.

Xəbər lenti

Xəbər lenti