...

Bu ilin 9 ayında Azərbaycanda 110 minə yaxın əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb

Cəmiyyət Materials 26 Noyabr 2011 11:06 (UTC +04:00)
Bu ilin sentyabr ayında Azərbaycanda 14 309 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb.
Bu ilin 9 ayında Azərbaycanda 110 minə yaxın əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb

Azərbaycan, Bakı, 26 noyabr / Trend müxbir İ.İsabalayeva/

Bu ilin sentyabr ayında Azərbaycanda 14 309 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Bu da ötən ilin sentyabrına nisbətən 79,7% çoxdur.

Bu barədə şənbə günü Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilir ki, ötən ilin sentyabrına nisbətən ilkin qeydiyyat 2,2 dəfə, təkrar qeydiyyat isə 63,2% artıb. Sentyabrda qeydiyyata alınan əmlakdan 3 314-ü fərdi yaşayış və bağ evi, 5 286-sı mənzil, 5 059-u torpaq sahəsi, 298-i qeyri-yaşayış binası, 213-ü qeyri-yaşayış sahəsi, 61-i əmlak kompleksi, 74-ü çoxillik əkmə, 3-ü isə çoxmərtəbəli yaşayış binası olub. Sentyabrda fərdi yaşayış evlərinin qeydiyyatı 88%-dən çox artıb. Torpaq sahələrinin qeydiyyatı 87,6%, özəlləşdirilməsi 72%, qeyri-yaşayış sahələrinin qeydiyyatı 66,4% artıb. Sentyabrda qeydiyyatdan keçən 3 çoxmərtəbəli binanın 2-si Bakı şəhərinin payına düşür. Ümumilikdə, bu ilin ilk 9 ayında ölkədə 110 minə yaxın əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 55,7% artıqdır.

Qeydiyyatdan keçən əmlakın 40 271-i (36,7%) ilkin, 69 536-ı (63,3%) təkrar qeydiyyatdan keçib. Ötən ilə nisbətən ilkin qeydiyyat 84,3%, təkrar qeydiyyat 42,8% artıb. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 24 538-i fərdi yaşayış və bağ evi, 40 031-i mənzil, 38 279-u torpaq sahəsi, 3 339-u qeyri-yaşayış binası, 2 324-ü qeyri-yaşayış sahəsi, 663-ü əmlak kompleksi, 603-ü çoxillik əkmə, 30-u isə çoxmərtəbəli yaşayış binaları olub.

Ölkənin əmlak bazarında regionların payının artımı tendensiyası sentyabrda da davam edib. İlin ilk 9 ayında əmlakın qeydiyyatında regionların payı 63%-ə çatıb. Ötən aylar olduğu kimi, bu dövrdə də fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi regionlarda aparılır. İlk 9 ayda regionlar qeydiyyatdan keçən çoxmərtəbəli binaların sayına görə də Bakını üstələyib. Azərbaycanda qeydiyyata alınan 30 belə binanın 17-i regionlardadır. Əvəzində mənzillərin özəlləşdirilməsi və qeyri-yaşayış sahələrinin qeydiyyatının əsas hissəsi paytaxtın payına düşür.

Ümumilikdə ilk 9 ayda regionlarda daşınmaz əmlakın qeydiyyatının artım sürəti Bakını iki dəfəyədək üstələyib. Belə ki, ötən ilin eyni dövrünə nisbətən yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə daşınmaz əmlakın qeydiyyatı 36,2% artdığı halda, regionlarda artım sürəti 70%-i keçib. Bu dövrdə komitənin ərazi qeydiyyat idarələrinin hamısında daşınmaz əmlakın qeydiyyatının artımı müşahidə edilib. Ən çox artım Beyləqan (2,3 dəfə), Qəbələ (2,2 dəfə), Şamaxı (2,1 dəfə) və Abşeron ərazi idarələrində qeydə alınıb.

Sentyabr ayında 11 507 əmlaka texniki pasport, 11 097 müayinə aktı tərtib edilib, 118 yüklülük, 1 867 ipoteka qeydə alınıb. Sentyabrda məhdudlaşdırmaya dair 8 673 arayış, əhaliyə xidmətlə bağlı isə 1 854 müxtəlif arayışlar verilib. Ötən ilin sentyabrına nisbətən texniki pasportlar 77,1%, yüklülük 3,3 dəfə, ipoteka qeydiyyatı 6%, məhdudlaşdırmaya dair arayışlar 64%, müayinə aktları 2 dəfə, əhaliyə verilən arayışlar 19,3%-dən çox artıb. Yanvar-sentyabr aylarında daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin əksəriyyəti üzrə ötən ilə nisbətən ciddi artım baş verib. Hesabat dövründə tərtib olunan texniki pasportların sayı ötən ilin eyni dövrünə nisbətən 59,2%, yüklülük 3,2 dəfə, məhdudlaşdırmaya dair arayışlar 51,4%, müayinə aktı 47,6%, ipoteka qeydiyyatı 2,5% artıb.

Xəbər lenti

Xəbər lenti